Bu günə xəbərlərin oxunma sayı: 1100
— 29.11.2016 17:13

Məhsulun brend, yoxsa saxta olduğunu necə ayırd edək?

KepezTV Player

Görəsən aldığımız məhsul brenddir, yoxsa saxta? Yəqin ki, bir çoxlarımız hər hansı geyim alarkən bu sualla qarşılaşırıq. Mütəxəssislər saxta malların orijinalları sıxışdırdığını bildirir. Bu, eyni zamanda brend adı altında bazara saxta məhsul çıxaranlara gəlir gətirsə də, əhalinin sağlamlıq nöqteyi nəzərinədən təhlükə mənbəyidir.

Şəhər sakini: “Paltar almağa xanımla gedəndə mənim üçün daha rahat olur. Çünki, güzgü lazım olmur. Gəncədə həmişə sifarişlə papaq, ayaqqabı tikilirdi. Biz həmişə onlara üstünlük verirdik”.

Şəhər sakini: “Daha çox rəng və keyfiyyətinə üstünlük verirəm. Brend dalınca qaçmıram. Keyfiyyətli olsun, yaraşsın. Daha çox materialın təbiiliyinə fikir verirəm”.

Şəhər sakini: “Brend davamlıdır, keyfiyyətlidir. Saxta malları burdan geyinirsən, tez cırılır. Ona görə heç almağın yeri yoxdur. Bir dəfə bahalı al, çox geyin”.

Şəhər sakini: “Bu malları geyindikdə tərləmirsən. Həm də keyfiyyətlidir”.

Göründüyü kimi, şəhər sakinləri keyfiyyətli və brend mallara üstünlük verir. Deməli Gəncə şəhərində bu cür mağazaların sayı yetərli olmalıdır ki, tələbatı qarşılaya bilsin. Ancaq şəhərimizdə brend mağazaların sayı təxminən 20-yə yaxındır. Ümumi ölkə üzrə də eyni sözü demək olar.

Cavid Süleymanlı- müstəqil ekspert: "Bazarda saxta mallar brend malları sıxışdırır. Bunun da səbəbi yəqin ki, ucuz olmağından qaynaqlanır. Ancaq bunun keyfiyyəti mübahisəli mövzudur".

Bütün dünya üzrə eyni hal müşahidə olunur. Saxta mallar böyük bazar payına malikdir. Ekspertlərin hesablamalarına görə, 2012-ci ilə qədər Fransa iqtisadiyyatı saxta mallardan təxminən 6 milyard dollar itirirdi ki, bu mallar Avropaya Çindən gəlirdi. Ekspertlər ölkə üzrə brend və saxta malların bazar payını təyin etməyin o qədər də çətin olmadığını bildirir.

Cavid Süleymanlı- müstəqil ekspert: "Brend, yaxud saxta malların bazar payını müəyyən etmək üçün ailə büdcəmizə nəzər salmaq kifayətdir. Orta gəlirə sahib bir azərbaycanlı öz büdcəsinə baxdıqda, hansı hissəsinin brend, hansının saxta mallara ayrıldığının şahidi olarıq. Bununla ölkə üzrə bunu təyin edə bilərik".

Hər kəs büdcəsində ehtiyacını ödəmək üçün pul ayırır. Saxta, yaxud orijinal mal almaq istehlakçının seçimidir. Bazarda isə böyük çəkiyə malik saxta mallar əsasən Çindən idxal olunur. Çində malların bu cür istehsalı liberal bazar iqtisadiyyatına keçidlə bağlı olub. Belə ki, həmin vaxtdan sonra müxtəlif fabriklər çevik istehsala keçərək, ən ucuz mal və materiallardan məhsul istehsal etməyə başlayıblar. Ancaq bu məhsulların heç biri ona qoyulan tələbləri ödəmədi. Bununla belə bütün ölkələrə, eyni zamanda Azərbaycana da mövcud olan standartlara cavab verməyən Çin malları idxal olunur. Hətta brend malların eynisini də ustalıqla hazırlayan çinlilər məşhur alman modelyeri Karl Laqerfeldin yuxusunda belə görmədiyi dizayn da verirlər. Ancaq ...

Tofiq Mirzəyev-  texnika üzrə fəlsəfə doktoru: "Bu, təhlükəsizlik baxımından o qədər də yararlı deyil. Əgər hər bir kəs öz təhlükəsizliyini, sağlamlığını və övladlarının sağlamlığını istəyirsə, o malların tərkibi və keyfiyyət sertifikatının olmasına, hansı materialdan hazırlanmasına diqqət etməlidir".

Bir çox malların tərkibində fenol birləşmələri olur ki, onu orqanoleptik üsulla, yəni adi gözlə görmək olmur. Bunun üçün mütləq laborator analizlər lazımdır. Ancaq paltarın etiketində pambıq yazılmağına baxmayaraq, onun pambıq olub-olmadığını adi göz və əllə təyin edə bilərik. Məlumdur ki, pambıq daha yumşaq olur. Ancaq paltarda parlaqlıq və sürüşkənlik çoxdursa, əmin olun ki, bu, təbii məhsul deyil, pambıq parçaya çox oxşayan viskoz liflərdir. Həmçinin pambıq parçanın toxunuşu zamanı ara məsamələr çox, sintetikdə isə iplər sıx olur. Üsullardan biri də məhsulun iy vasitəsilə təbiiliyini yoxlamaqdır. Əgər onun tərkibində hər hansı bir fenol birləşməsi, yaxud digər maddələr varsa onda spesifik qoxu olur. O qoxu təbii qoxudan tamamilə fərqlidir. Həmçinin brend mağazalardan alınan hər hansı məhsul xüsusi qablaşdırmada təqdim olunur. Əlbəttə ki, qeyd edilənlər keyfiyyətin təyini üçün sadə üsullardır. Əgər saxta malı sizə brend adı altında baha qiymətə satırlarsa, bu halda hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz. İqtisadiyyat Nazirlyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari il ərzində bu mövzuda təxminən 20-yə yaxın müraciət olub. Abbas Əliyev- İqtisadiyyat Nazirliyinin mətbuat katibi: "İstehsalçılar da qəbul edirlər ki, hər bir malı alarkən bu mal haqda müfəssəl məlumat almaq hüququ var. Hazırda bu hüquqdan daha çox istifadə edirlər. Malın tərkibi, onun saxlanma müddəti və saxlanma şəraiti şübhəsiz ki, daha keyfiyyətli mal alınmasına səbəb olur. Baxılmamış müraciətlər qanunvericiliyə uyğun olaraq operativ qaydada araşdırılır. İstehlakçı aktivliyi əhəmiyyətli dərəcədə artıb". Hər bir halda istehlakçı saxta mal almaq istəmir, sahibkar isə çox qazanmaq istəyir. Belə bir paradoks vəziyyətdə mütəxəssislər dövlətin bu işə qarışmasını vacib sayır.

Tofiq Mirzəyev- texnika üzrə fəlsəfə doktoru: "Liberal bazar qiymətləri özü-özündən tənzimləyir. Sahibkar saxta malı gətirib ucuz verməklə, orijinal məhsullara, digər sahibkarlara böyük zərbə vurur. Nəticə etibarı ilə onlar iqtisadi cəhətdən geri qalırlar, gəlirləri azalır, saxtakarın isə gəliri çox olur. Ona görə bazarda bu işə fikir vermək lazımdır. Əhali də öz istehlakçı hüquqlarından istifadə etməklə dərhal lazımi orqanlara məlumat verməlidir".

Əgər öz gələcəyimizi düşünürüksə, məhsul alarkən brend adına aldanıb, saxta mal almamaq üçün diqqətli olmalıyıq. Çünki hər bir halda bir istehlakçıyıq və yanan da, yaman da özümüz olmayaq.

Jalə Qurbanova