• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 28.10.2014 11:18

Gəncədə əhalinin qazla təminatında problem yaşanmaqdadır

Son günlər sakinlər Gəncənin bəzi ərazilərində qazın təzyiqinin aşağı düşməsindən şikayətçidirlər. Şəhərin Məhsəti qəsəbəsinin bir hissəsinin sakinləri isə ümumiyyətlə mavi yanacağın olmamasından əziyyət çəkirlər. 

Havaların kəskin soyuması 1 həftəyə  yaxındır ki, Gəncənin Mahrasabağı, Bağbanlar yaşayış massivində, Qırmızıkənd, Cavadxan qəsəbələrində, Abbas Səhhət adına yaşayış yerində mavi yanacaqla bağlı təyinatda çətinliklər yaradıb.  

Nürəddin Həsənov- sakin: “Havalar soyuyandan bəri qazımız yox dərəcəsindədir. İki-üç gün də heç olmadı. Evlər soyuqdu, qızdırmaq mümkün deyil”.

Arzu Həsənov- sakin: “Elə bir şəraitdə yaşayırıq ki, burada yalnız qazdan istifadə etmək lazımdı. Axşamlar qazın təzyiqi olmur, yanmır”.

Gəncənin Məhsəti qəsəbəsində isə sakinlərin mavi yanacağın nə olduğunu bilmirlər. Qaz xətləri 3 ildir qəsəbədəki 15 küçənin girəcəyinədək çəkilsə də mənzillərə qoşulması yubanır. Sakinlər hər dəfə problemlə bağlı aidiyyatı qurumlara istər yazılı, istərsə də şifahi müraciət etsələr məsələ öz həllini tapmır.

Ramiz Süleymanov –sakin: “Qaz idarəsinə də, şəhər icra hakimiyyətinə də müraciət etmişik. Hər dəfə də deyirlər 3-4 günə düzəldəcəyik. Nə gələn var, nə gedən var”.

Moruq Hüseynova –sakin: “Üç ildir ki, o qaz paylayıcını qoyublar ora, biz o boruya tamaşa edirik. Odunumuz yoxdu, otları gətirib peçdə yandırırıq ki, uşağımızı isidək”.

Yaşanan problemləri biz aidiyyatı qurumların diqqətinə çatdırdıq. Ümid edirik ki, tezliklə problemin artıq həllini tapması barədə süjet hazırlayacağıq.

Elnur Vahidoğlu