Bu günə xəbərlərin oxunma sayı: 1408
— 29.11.2016 10:28

Metropoliten-Opera

KepezTV Player

Metropoliten-Opera 1880-ci ildə Nyu Yorkda Musiqi Akademiyasına alternativ qismində yaradılıb. Opera binası qapılarını tamaşaçıların üzünə ilk dəfə  1883-cü ildə Hötenin “Faust” əsəri ilə açıb. Qısa zamanda teatr həvəskarlarının ən çox ziyarət etdiyi məkana çevrilməyi bacarsa da, 1892-ci ildə baş verən yanğında tamamilə yararsız hala düşüb. 1966-cı ildə opera Linkoln-mərkəzdə onun üçün inşa edilmiş yeni binaya köçüb. Metropoliten-Opera 3900 yelik tamaşaçı zalından, bir əsas səhnədən, yardımçı kiçik səhnələrdən və 159 otaqdan ibarətdir. Opera “Metropoliten opera house company” səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyyələşir. Teatr sentyabrdan aprelə qədər - ilin yeddi ayı öz qapılarını tamaşaçıların üzünə açır, maydan iyuna kimi isə qastrol səfərlərinə çıxır. İyul ayında isə adəti üzrə “Mərkəzi Parkda” pulsuz tamaşalarla çıxış edir. Teatrın orkestr və xorunda daimi işçilər olsa da, solistlər və drijorlar müəyyən tamaşalara, yaxud da mövsümi müqavilələr əsnasında dəvət olunurlar. Bütün operalar ənənəvi qaydada orijinal dildə ifa olunur. Əgər siz də bu yaxınlarda ABŞ-da olacaqsınızsa, Şekspirin “Romeo və Cülyetta” əsərini 53 dollar qarşılığında Metropoliten-operada izləyə bilərsiniz.

 

Qarnye Sarayı

Opera Qarnye və ya Qarnye Sarayı – operanın 1669-cu ildə XIV Lüdovik tərəfindən rəsmi olaraq incəsənətin bir növü kimi tanınmasından sonra yaradılan, Parisin sayca 13-cü operasıdır. 14 yanvar 1858-ci ildə III Napoleon köhnə opera - Lö Pöletin binasında ona edilən qəsd cəhdindən sonra ora getməkdən imtina edib və yeni opera binasının tikilməsini tələb edib. Çoxsaylı faislələrlə bina 15 il müddətinə inşa edilib. Nəhayət 30 dekabr 1874-cü ildə Üçüncü Respublika dövründə opera binasının tikintisi başa çatır. Qrand Operanın açılışı 15 yanvar 1875-ci ildə baş tutur. O vaxtdan günümüzə kimi Fransanın tarixinə şahidlik edən mədəniyyət ocağı hazırda tarixi abidə kimi qorunur. Operanın vestibül və pilləkənləri binanın maraq kəsb edən hissələrindən sayılır. Antrakt zamanı tamaşaçıların gəzişməsi üçün foye geniş olub həddindən ziyadə yaraşıqlı, qızılı fonda gözəl mozaik üslubda işlənilib. Buradan giriş pilləkənləri ovuc içi kimi görünür. Tamaşaçılarına həm binanın əzəməti ilə, həm də nümayiş etdirdikləri əsərlərlə bənzərsiz anlar yaşadan Qarnye Sarayında 90 dəqiqəlik tur cəmisi 34 dollara başa gəlir.

 

Sidney Opera Teatrı

Sidney opera teatrı Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşir. Teatr Sidneyin simvolu və Astraliyanın ən məşhur, görməli yerlərindən biri sayılır. Nə az, nə çox 102 milyon dollara başa gələn bina 1973-cü ildə istifadəyə verilib. Özünəməxsus quruluşu ilə seçilən tikili 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Opera binası 5 teatr salonundan ibarətdir. Bunlar 2679 nəfərlik Konsert zalı, 1547 nəfərlik Opera teatrı, 544 nəfərlik Dram teatrı, 398 nəfərlik oyun evi və 364 nəfərlik Studiya teatrlarıdır. Binanın ümumi olaraq 1000 otağı var. Sidneyin incisini yaxından görmək və teatrlarını gəzmək üçün azı 94 dollar tələb olunur.

 

Qlobus Teatrı

Fərqli tarixə sahib olan mədəniyyət ocaqlarından biri də Qlobus teatrıdır. 1599-cu ildə Şekspirə də aid olan “Lord Chamberlain’s Men” aktyor truppasının vəsaiti hesabına inşa edilib. 1613-cü ildə Şekspirin tamaşalarından birində baş verən yanğın nəticəsində tamamilə yararsız hala düşüb, amma bir il sonra yenidən bərpa edilib. Başıbəlalı teatr 1642-ci ildə əyləncəyə qarşı olan Puritanlar tərəfindən bağlanılıb, yalnız 1989-cu ildə aparılan arxeoloji qazıntılardan sonra ortaya çıxan bina 1997-ci ildə yenidən inşa edilib. Orijinalına uyğun şəkildə qurulan teatrda səhnənin ətrafı dairəvi formada tamaşaçı yerləri ilə əhatələnib. Bina açıq olduğundan tamaşalar daha çox yay aylarında göstərilir. Oyunları ayaqüstü izləmək istəyənlər üçün isə 700 nəfərlik yer ayrılıb. Teatrda nümayiş olunan tamaşanı 1300 nəfər izləyə bilər, həm də 10 funt-sterlinq ödəmək şərti ilə. Bir çox teatrlara nisbətən biletlər ucuz olsa da, mövsüm zamanı bilet tapmaq bir qədər çətindir. Aylar əvvəldən Londona gedib bilet almaq şansınız yoxdursa, bunu onlayn şəkildə də edə bilərsinizi.

 

Böyük Teatr

Rusiya Dövlət Akademik Böyük Teatrı. Elə adındakı Böyük sözü teatrın əzəməti barədə ilk məlumatı verir. Böyük Teatr təkcə Rusiyanın mədəniyyət incisi hesab edilmir. Bu mədəniyyət ocağı dünyaya bəxş etdiyi bir-birindən gözəl opera və balet əsərləri və sənətçilərlə də tarixdə iz qoymağı bacarıb. Tikilinin daxili interyerində 18-19-cu əsrin ruhu hiss olunur. 2005-ci ildə restavrasiya olunan binada möhtəşəm opera və balet izləməyin qiyməti seçəcəyiniz tamaşadan asılı olaraq 40 avrodan başlayır.