Bu günə xəbərlərin oxunma sayı: 1530
— 27.11.2016 14:26

Lənkəran-Astara rayonlarının fermerləri payızlıq əkini davam etdirirlər

Aramsız yağışların dayanmasını fürsət bilən Lənkəran-Astara rayonlarının fermerləri payızlıq əkini davam etdirirlər. Bir çox tərəvəz növlərini keçirilsə də iri təsərrüfatlarda yalnız sarımsaq və kələmin əkini gedir.

Bu il Lənkəranda 4879 hektar ərazidə tərəvəz əkilib və 105028 ton məhsul əldə olunub. Astarada isə tərəvəz əkilən 2928 hektar sahədən 41 794 ton məhsul toplanıb. Hazırda isə geniş ərazidə əkilən tərəvəz növlərindən biri kələmdir. Bu havalarda əkin üçün əlverişli olduğundan, gəlirli sahə sayıldığından və digər sahələrə nisbətən az aqrotexniki qulluq tələb etdiyindən fermerlər kələm əkinində maraqlıdırlar. Təsərrüfatçılar ənənəvi olaraq sentyabr ayının ortalarında kələm toxumlarını örtülü ərazidə səpiblər. 40 gün örtük altında qalan şitillər artıq açıq sahəyə köçürülür. Havaların yağmursuz keçməsindən yararlanan təsərrüfatçılar əkin işini davam etdirirlər.

Rafiq Əsədullayev- fermer: “İki həftədən sonra burada becərmə işi aparılacaq. Qar yağandan sonra torpaq gedəcək dincə. Yazqabağı biz başlayacağıq yenə qulluq işlərinə ki, yaxşı məhsul götürə bilək.”

Kələm sahələrində məhsul yığımı aprel ayının sonundan başlayır. Fermerlər deyir ki, yaxşı qulluq göstərildikdə hər hektardan 25-30 tona yaxın kələm götürmək olur. Bu isə kələmin kiloqramı ən az 20 qəpik olduqda təsərrüfatçılar üçün sərfəli sayılır. Amma onları narazı salan bəzi məqamlar da var ki, bunlardan biri gübrənin baha başa gəlməsidir.

Firuz Kərimov- fermer: “Bizə deyirlər ki, 8 manata veririk gübrəni. Amma aparıb töküblər Lənkəranda. Biz gərək bir neçə yerə yazaq, sonra da gedək Lənkərandan maşına vuraq gətirək. O da bizə baha başa gəlir- 15-20 manata”.

Bundan başqa su axar kanallarının vaxtında təmizlənməməsindən gileylənən fermerlər yayda sahələrin susuzluqdan, qışda isə subasmadan ziyan çəkdiyini bildirirlər. Həmin kanallar bir çox hallarda ayrı-ayrı şəxslərə məxsus pay torpaqlarından keçdiyindən bu məsələ illərlə həllini tapa bilmir. Digər tərəvəz növlərinə gəldikdə isə onlar əsasən kiçik fərdi təsərrüfatlarda əkilir.

Cənub bölgəsində ixtisaslaşmış tərəvəz istixanaları çox az sayda olduğundan hələlik pomidor və xiyar əkini demək olar ki, keçirilmir. Fərdi istixanalarda isə əkin yanvar-fevral aylarından başlayacaq.

Məhəmməd Rzayev