Bu günə xəbərlərin oxunma sayı: 1444
— 27.11.2016 14:24

Bu il düşən davamlı yağıntılar kənd təsərrüfatının əksər sahələri üçün faydasız olub

Kənd təsərrüfatının gəlir gətirən sahələrindən biri də tərəvəzçilikdir. Bu il məhsuldarlıq bol olsa da bəzi bölgələrdə aramsız yağışların yağması məhsulun tələfi ilə nəticələnib. Təsərrüfat sahibləri isə əldə qalan məhsulun satış bazarının olmadığını deyirlər.  

Bərdədən olan fermer Hidayət Seyidov deyir ki, bu il düşən davamlı yağıntılar kənd təsərrüfatının əksər sahələri üçün faydasız olub. Kələm əkib-becərən fermer son bir neçə gündə havaların soyumasının da təsərrüfatçılar üçün əlverişsiz olduğunu bildirir. Əksər bitkilərdə məhsuldarlıq aşağı düşüb. Fermerlərin gözləntiləri əlverişsiz hava şəraiti səbəbindən yaxşı nəticə verməyib. 

Hidayət Seyidov-fermer: “30 sot kələm əkmişdik, indi kələmin, havaların kəskin soyuması ilə əlaqədar kələmdə büküm zəif olub”.

Yerkökü və çuğundur əkini ilə məşğul olan təsərrüfat sahibləri deyir ki, ötən il normal hava şəraiti təsərrüfatlardan bol məhsul götürməyə imkan verib. Ötən il ölkə üzrə 1 min 100 hektar ərazidən 120 min ton şəkər çuğunduru toplanıb. Bu ilki göstəricilər isə fərqlidir. Bu il təkcə İmişlidə 215 hektar sahədən 1200 ton çuğundur əldə olunub. Hazırda çuğundurun yığımı prosesi davam edir. Hazırda da toplanan məhsul rayondakı istehsal müəssisəsinə təhvil verilir.

Rövşən Əliyev-baş aqronom: “Şəkər çuğunduru əkinçiliyi Mərkəzi Aran və Aşağı Qarabağ regionlarında çox geniş şəkildə əkilmişdir. Bu illəri bu regionlarda 7 min hektardan artıq şəkər çuğunduru əkilib becərilmişdir. Bunun alış qiymətindən baxanda hər hektar üçün şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan mülkiyyətçinin 1500-2000 manat xalis gəlir əldə etməsi mümkündür”.

Bu il ölkədə 3 min 500 hektar ərazidən 22 min ton kələm toplanıb. Bundan əlavə 2 min 200 hektar sahədən 780 ton yerkökü yığılıb. Ötən il bu rəqəm 2 min 350 ton olub.