Bu günə xəbərlərin oxunma sayı: 941
— 25.11.2016 15:18

Gəncə cüdoçusu Samir İsmayılov yenidən böyük idmana qayıdıb

KepezTV Player

Vaxtilə ölkənin ən perspektivli tatami ustalarından sayılan və gələcəyinə böyük ümidlər bəslənən idmançı karyerasını bərpa edib.2009-cu ildə karyerasının ən uğurlu vaxtında gözlənilmədən sevimli peşəsindən uzaqlaşan İsmayılov 7 illik fasilədən sonra geri dönməyə qərar verib. O, yay aylarından başlayaraq müntəzəm şəkildə hazırlıq keçir.

Samir İsmayılov- cüdoçu: “Müəyyən səbəblərə görə, bir müddət idi idmandan uzaqlaşmışdım. Özümdə güc-qüvvət hiss elədim və geri döndüm. İki-üç aydır ki, müntəzəm məşqlər edirəm. Elə hiss edirəm ki, heç idmandan uzaqlaşmamışam. Düzdür, uzun müddət ara verəndən sonra çətinliklər olur, bərpa etmək çətin olur. Amma təcrübə var, dözümlülüyün üzərində işləməklə istədiyimə nail ola bilərəm”.

Samirin əsas məqsədi ilin sonunda Azərbaycan çempionatının qalibi olmaqla yığma komandaya dəvət almaqdır. Bu yarışa hazırlıq prosesini davam etdirən cüdoçu məşqlərlə yanaşı, özünü respublika yarışı öncəsi sınamaq qərarına gəlib və Bakı çempionatında iştirak edib. İsmayılov 81 kq-da paytaxt birinciliyinin qalibi olub.    

Samir İsmayılov- cüdoçu: “Özümü Bakı çempionatında sınayıb, çempion oldum. Güclü rəqiblərlə görüşlərim oldu. İlk görüşümdə Respublika çempionuna, finalda bürünc medalçıya qalib gəldim. Çətin olsa da, iradə, təcrübə əsasında qalib gəldim. Digər rəqiblərə də qalib gəlib, “1 nömrə” ola bilərəm”.

Cüdoya 13 yaşında mərhum əməkdar məşqçi Qaya Xəlilovun rəhbərliyi altında başlayan tatami ustası indi sabiq komanda yoldaşı, məşqçiliklə məşğul olan Tural Abbasovun yanında hazırlaşır.

Tural Abbasov- məşqçi: “Çoxları deyir Samirin yaşı çoxdur, gecdir, amma mən bu fikirlə tam razı deyiləm. İdmanda heç vaxt gec deyil. Samirin məqsədi var, böyük uğurlar əldə etmək olar. Gələcək Azərbaycan çempionatında da özünü sübut edə biləcək”.

Samir İsmayılovun medal kolleksiyası olduqca zəngindir. O, gənclər arasında Azərbaycan birinciliyinin qalibi, kişilərdə gümüş medalçı olub. 31 yaşlı idmançı yığma komandanın tərkibində dəfələrlə beynəlxalq turnirlərin mükafatını qazanıb. 23 yaşadək gənclər arasında Avropa çempionatında 2-ci yeri tutub. Bundan başqa Dünya Kuboku kimi nüfuzlu yarışın qalibi olub, həmçinin gümüş medalını boynundan asıb. 

Azad Rəfi