Bu günə xəbərlərin oxunma sayı: 1518
— 23.11.2016 17:25

Ölkədə arıçılığın inkişaf etdirilməsi üzrə yeni layihənin icrasına başlanılıb

KepezTV Player

Arıçılıqda damazlıq seleksiya işini təşkil etmək məqsədilə FAO ilə birgə yeni layihəyə start verilib. Layihə çərçivəsində aparılan işlərlə gələn il üçün 3.000 ədəd təmizqanlı ana arının alınması planlaşdırılır. Hazırda bu rəqəm 123-dür. Əldə edilən təmizqanlı ana arılar elə gələn il də arıçılara paylanılacaq.

Hazırda arıçılıq sahəsində əsas məqsəd təmizqanlı Bozdağ Qafqaz arısının alınmasına nail olmaq, onların arıçılara paylanılması, bununla da 1 yeşikdən əldə olunan balın miqdarını 10-15 kq-a çatdırmaqdır. Bu məqsəd üçün Respublikanın 7 bölgəsindən 50 nəfərə yaxın arıçıya Arıçılıq Mərkəzində treninq təşkil olunub. "Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması" adını daşıyan layihə üzrə toplanan arıçılara FAO-nun eksperti təmizqanlı Bozdağ Qafqaz arısının əldə olunması üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birgə apardıqları araşdırmalar barədə məlumat verib.

Əhməd İnci -FAO-nun arıçılıq üzrə mütəxəssisi: "Qafqaz arı cinsinin arıçılar arasında paylanılması üçün bir layihəmiz var. Damazlıq cinslərdən əmələ gələn ana arıları alıb öz təsərrüfatlarında istifadə edib. Öz arı koloniyalarının ana arılarını Qafqazlaşdıracaqlar. Dolayısıyla da bal istehsalı artacaq".

Arıçılar da gələn ili səbrsizliklə gözləyirlər.

Bədrəddin Həsrətov -arıçı: "2016-cı ildə digər arı ailələrinə nisbətən inanılmaz dərəcədə fərq aşkar olundu. Saf Bozdağ Qafqaz arı cinsi 15-17 kq bal verdiysə, o biri arılardan təxminən 8 kq bal götürə bildik. Təsərrüfata xeyiri baxımından dəyən ziyanın qarşısını almaq üçün Bozdağ Qafqaz arı cinsinin üstünlükləri çoxdur".

Ölkədə arıçılıqla bağlı ürəkaçmayan vəziyyətin yaranmasına digər səbəb isə bu sahə üzrə mütəxəssisin yetərli sayda olmamasıdır. Elə qonşu Türkiyədə bu sahə üzrə 150-yə yaxın elm adamı fəaliyyət göstərir. Son 2 il ərzində aparılan işlər bu sahənin sürətlə böyüyəcəyini göstərir.

Əhməd İnci -FAO-nun arıçılıq üzrə mütəxəssisi: "Arıçılıqda bir ölkə bal ixrac edə bilən səviyyəyə gələrsə o sahədə uğurlu olduğu sayılır. Azərbaycan üçün hələ çox tezdir. Amma bu işi böyütmək və genişləndirmək üçün coğrafiyası çox yaxşıdır. 5-10 il ərzində Azərbaycan da bal sata biləcək".

Kənd Təsərrüfatı Nazirliyi də sözü gedən layihənin uğurlu olacağı qənatindədir.

Qalib Əbdüləliyev -Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: "Bundan sonra layihə çərçivəsində növbəti işlər görüləcək. Bal toplayan bitkilərin meşəsinin yaradılması, arıçılıq mərkəzində xəstəlikləri sahəsində mütəxəssislərin hazırlanması, onların dövri olaraq təlimlənməsi işi aparılacaq. Bu deyilənləri nəzərə alanda deyə bilərik ki, artıq arıçılıq sahəsində yol xəritəsi hazırdır.

Arıçılığın dirçəldilməsi üçün 2017-ci ilin proqramında Qərb bölgəsindən başlamaqla arıçılara həftəlik treninqlər təşkil olunacaq. Onlara istifadə edəcəkləri ana arıları necə yetişdirilməsi təcrübi olaraq öyrədiləcək.

Jalə Qurbanova