Bu günə xəbərlərin oxunma sayı: 1104
— 20.11.2016 12:26

Cəlilabadda üzümçülüyə maraq yenidən artıb

Ən böyük üzümçülük rayonlarından sayılan Cəlilabadda Sovetlər dönəmində üzümçülük də sürətlə inkişaf edirdi. Geniş üzüm bağları salınmış, şərab zavodları tikilmişdi. Qısa müddət ərzində bu sahədə böyük uğurlar əldə edilmişdi. Lakin alkoqolizmlə mübarizə adı  altında uzun illər min bir zəhmət hesabına yaradılmış üzümçülük və şərabçılıq müəssisələri  tar-mar edildi. Azərbaycan müstəqillik qazandıqdan sonra aqrar sahəyə diqqətin artırılması nəticəsində bir çox sahələrdə olduğu kimi, üzümçülük də  yenidən dirçəlməyə başladı. İndiyədək rayonda 1500 hektar ərazidə üzüm bağı salınıb.  Cəlilabadda üzümçülüyün hazırkı vəziyyəti qarşıdakı materialda...

Son illər Cəlilabadda üzümçülüyə maraq yenidən artıb. Yeni bağlar salınıb. Hər il də bu bağlardan keyfiyyətli məhsul toplanır. Amma  2016-cı təsərrüfat ili Cəlilabad üzümçüləri üçün  o qədər də ürəkaçan olmadı. Yaz  ərəfəsində aramsız yağan yağışlar səbəbindən həddindən artıq nəmişlik yarandığından tənəklər xəstəliklərə tutuldu. Bağları qorumaq üçün    zərərverici və xəstəliklərə qarşı ciddi mübarizə  tədbirləri aparıldı. Dərmanlama dəfələrlə təkrarlandığından, fermerlərin xərcləri də çoxaldı.

Amma aparılan müalicə tədbirləri bəhrəsini verdi. Məhsuldarlıq aşağı düşsə də, üzümü tamamilə məhv olmaqdan qorudu. Ümumilikdə hər hektardan 10-15 ton arası məhsul götürmək mümkün oldu. Cəlilabadlı fermerlər əsasən süfrə üzümü sortuna üstünlük verirlər. Bunun əsas səbəbi texniki sortların bazarının az olmasıdır. Belə ki, süfrə üzümləri bazarlarda satışa çıxarılsa da, texniki üzüm sortları yalnız emal müəssisələrinə təhvil verilir. Amma toplanan məhsulların hamısını  emal müəssisələri qəbul edə bilmədiyindən fermerlərin bu sorta marağı ildən-ilə azalır.

Bu gün üzümçülükdə  fermerlərin  qarşılaşdıqları çətinliklər bununla bitmir. İlk növbədə  üzümçülükdə əsas yer tutan calaq tinglərinin istehsal məsələlərinin yoluna qoyulması vacib hesab edilir.

Hazırda bağlarda tənəklərin yarpaq tokümü davam edir. Qarşıdakı aylarda quru  budama  işlərinə başlanacaq və cərgə aralarının şumlanması işləri aparılacaq.  

Bugünədək Cəlilabad rayonunda 1500 hektar ərazidə üzüm bağı salınıb. Bunun da 1000 hektarından məhsul toplanır.

Pərvanə Əliyeva