Bu günə xəbərlərin oxunma sayı: 1007
— 20.11.2016 12:19

Şabranın üzüm bağlarında məhsuldarlıq yüksək olub

Şabranda üzümçülüklə məşğul olan təsərrüfatçılar ötən ilə nisbətən bu il bol məhsul əldə ediblər. Bu da suvarma suyuna olan tələbatın tam ödənilməsi hesabına olub. Əsasən şərab növü salan fermerlər məhsulu xarici bazara göndərirlər. Artıq Azərbaycanda istehsal olunan şərablar dünya bazarında da layiqli yerini tutur.

Şabran sakini 61 yaşlı Polad Quliyev 30 ildən çoxdur ki, təsərrüfatla məşğul olur. 6 il öncə isə təsərrüfatında üzümçülüyə daha çox yer ayıran fermerin hazırda 134 hektar üzüm bağı var. Üzüm tingləri isə təsərrüfatda ənənəvi əkindən fərqli olaraq texnika vasitəsi ilə qısa müddət ərzində əkilib. Əsasən şərab sortları salan təsərrüfatçı üzümün Kabarni, Mernot, Sevinyon növlərinə daha çox üstünlük verir. Polad Quliyev bildirir ki, bu sahə daha çox zəhmət tələb edir. Əldə edilən məhsulu isə şərab zavoduna təhvil verir.

Ötən ilə qədər isə üzüm bağlarında məhsuldarlıq aşağı olurdu. Buna səbəb suvarma suyuna olan təlabatın tam ödənilməməsi olub. Əsasən çay sularından istifadə etməklə bağları suvaran təsərrüfatçılar quraqlıq vaxtlarda məhsullarının zay olduğunu bildirirdi. Şabranlı təsərrüfatçılar bu ildən etibarən problemin həll olunduğunu bildirir.

Üzümçülüklə məşğul olan təsərrüfatçılar ötən il suvarma suyundan əziyyət çəkirdi. Bu da məhsuldarlığın aşağı enməsinə səbəb olurdu.

Fermer Polad Quliyev bildirir ki, ötən il hər hektar sahədən maksimum 3 ton məhsul alınırdı. Bu il isə Taxta körpü su anbarından verilən su məhsula da təsirsiz ötüşməyib. Bu il bir hektar sahədən 6-7 ton məhsul alınıb. Bu mövsümdə dəyişən kəskin hava şəraiti kənd təsərrüfatının bir çox sahələrinə mənfi təsir etsə də, üzümçülüklə məşğul olanlar hava şəraitinin üzümçülük üçün daha əlverişli olduğunu bildirir.

Hazırda Şimal regionunda istehsal olunan üzümlər şərabçılıq üçün nəzərdə tutulur. Təsərrüfatçılar yığdıqları məhsulu zavodlara verir. İstehsal olunan şərablar daxili bazarla yanaşı, xarici bazara da çıxarılır. 

Tehran Orucoğlu