Bu günə xəbərlərin oxunma sayı: 1100
— 19.11.2016 16:12

Şəmkirin xurma bağlarında məhsul bol olsa da alıcı qıtlığı yaşanır

Buna səbəb xurmanın vaxtından əvvəl xarab olmasıdır. Çarəsiz qalan sakinlər meyvəni mal-qaraya yem edirlər.

Elxan Musayev -sakin: “Qapıda hamısı batdı. İldə 1000 manat pul qazanırdıq. O da olmadı. Gözümüzü buna tikmişdik”.

Şəmkirin Seyfəli kəndində Arif Orucov kimi yüzlərlə sakin hər il bağında yetişdirilən xurmanı ölkə bazarları ilə yanaşı, Rusiyanın müxtəlif şəhərlərinə göndərib. Ancaq bu il kəndlilərin xurmadan pul qazanmaq arzusu çin olmayıb. Səbəb xurmanın vaxtından əvvəl xarab olmasıdır.

Səidə Musayeva -sakin: “Biz 900 yeşik maldan cəmi 300 yeşiyini sata bildik. Hamısı bu qaydada yerdə qaldı. Bilmədik soyuq elədi, yoxsa şüa vurdu”.

Hər il olduğu kimi bu mövsüm də xurma dərilməzdən öncə alıcı tapıb. Hətta bəziləri əvvəlcədən məhsula görə beh də veriblər. Lakin xurmanın satış üçün əlverişli olmaması sövdələşmələri pozub. İndi tonlarla xurma sakinlərin gözü qarşısında ağaclarda qalıb.

Arif Orucov -Yuxarı Seyfəli kənd icra nümayəndəsinin müavini: “Əvvəllər havalar bundan da soyuq olub. Qar da yağıb. Silkələyib qarı tökmüşük, amma məhsulu yığmışıq. Sonra özüm şəxsən Xarkova aparıb satmışam. Heç bir ərimək, xarab olmaq olmayıb”.

Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının müdiri Hüseyn İdrisov isə sakinlərin xəstəlik və şüa vurma iddiası ilə razılaşmır. Mütəxəssisin sözlərinə görə, xurmanın vaxtından əvvəl xarab olmasına səbəb iqlim dəyişkənliyi və ya suvarmanın normal aparılmamasıdır.

Hüseyn İdrisov -ADAU-nun bağçılıq kafedrasının müdiri: “Xirnik bildiyiniz kimi xəstəlik və zərərvericilərə qarşı daha dözümlü bitkilər qrupuna aiddir. Bu hesab edirəm xəstəlik deyil. İqlim dəyişkənliyi və qida çatışmazlığı ola bilər.

Şəmkir rayonunda 1500 hektar xurma bağının orta hesabla hektarında 25 ton məhsul götürənlərin bu il puç olan arzuları gəlir əldə etmək ümidlərini gələn mövsümə saxlayıb. Əgər vəziyyət hazırkından fərqli olarsa.
Natiq Hüseyn