Bu günə xəbərlərin oxunma sayı: 1401
— 18.11.2016 14:39

Heyvandarlıq İnstitutunun elmi işçiləri yeni barama cinsi yaratdılar

8 ilin gecə-gündüz çəkilən əziyyəti və nəhayət yeni cins barama. Heyvandarlıq İnstitutunun Baramaçılıq laboratoriyasının elmi işçilərinin yaratdıqları bu cins digərlərindən üstünlüyü ilə fərqlənir. Yaradılan cins baramanın rayonlaşdırılacağı təqdirdə əhəmiyyətini qarşıdakı materialda biləcəksiniz.

Gülnarə Əliyeva- laborant: “Qurdun toxumunu dirilmə üçün otaqlara qoyuruq və orada 24-25 dərəcə temperatur yaradırıq. İki saatdan bir onlara nəzarət edirik. Toxum 10 gün müddətinə dirilməyə başlayır. 10 gün sonra biz tut yarpağını xırda-xırda doğrayıb, onları iki saatdan bir yemləyirik. Onlar beş yaşa qədər böyüyürlər. Biz ilbəil həmin nəsli saxlayırıq, həmin nəsli davam etdiririk. Axırda gözəl toxum əldə edirik”.

Bu, Heyvandarlıq İnstitutunun Baramaçılıq laboratoriyasının elmi işçilərinin neçə illərdir ki, yeni yaratmaq istədikləri barama cinsinin elmi təcrübəsidir. Məhz elə bunun nəticəsidir ki, yeni barama cinsi gələcəkdə kənd təsərrüfatının gəlirli sahələrindən olan ipəkçiliyə böyük töhfə verməsinə hesablanıb. Yeni cins isə bir çox üstünlüyü ilə seçilir. Yeni yaradılan barama cinsi bioloji və texnoloji cəhətdən digər barama cinslərindən bir çox üstünlüyə malikdir. Bu baramaların çəkisi 2,8 qram, digərlərinin çəkisi isə 2 qramdır. Həmçinin, digər cins baramalardan açılan ipək sapının uzunluğu 1200-1300 metr olduğu halda, yeni yaradılan barama cinsi bundan 200-300 metr uzun olacaq. Cinsin sertifikat alması üçün Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.

Qafar Məmmədov- Heyvandarlıq İnstitutunun Baramaçılıq laboratoriyasının müdiri: “Yeni yaradılan xəttin göstəriciləri bioloji göstərici hesab olunur. Nəzarət cinsindən çox yüksəkdir. Ona görə də, biz gələn il bu işi yekunlaşdırıb, Kənd Təsərrüfatı Nazirliyinin seleksiya nailiyyətləri sınağına təqdim edəcəyik. Sənədləşdirilib veriləcək. Orada nazirliyin xətti ilə üç il müddətinə sınaq yemlənməsi aparılacaq. Sonra isə Respublikamızın rayonlarına təqdim olunacaq”.

Hazırda Heyvandarlıq İnstitutunun Baramaçılıq laboratoriyasında sonuncu dəfə 2012-ci ildə 4 cins barama yaradılıb. Hazırda isə burada genefondun, yeni hibridlərin qorunması və kolleksiya istehsalı üçün yeni hibridlərin yaradılması mövzusunda elmi-tədqiqat işləri aparılır. Gələn il isə yeni cinsin alınması üçün 3 hibrid də yaradılacaq.
Elnur Vahidoğlu