Bu günə xəbərlərin oxunma sayı: 1319
— 16.11.2016 15:35

Samux və Gəncədə işəgötürənlərlə görüş keçirilib

İşsizlik səviyyəsinin azadılması, əhalinin iqtisadi fəallığının və ailələrin gəlirlərinin artması, sahibkarlığın inkişafı. Bunlara nail olmaq üçün dövlətin dəstəyi ilə yanaşı bilik və bacarıqların düzgün qiymətləndirilməsi də vacibdir. Yerlərdə Məşğulluq Mərkəzlərinin bu prosesə töhfə verəcəyi təqdirdə qarşıya qoyulan məqsədlərə nail olmaq olar.

Ölkə prezidentinin "Əhalinin özünə məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" imzaladığı sərəncamının icrasından irəli gələrək Samux rayonunda işəgötürənlərlə görüş keçirilib. Əsas müzakirələr vakant yerlər barədə vaxtaşırı mərkəzə məlumatın verilməsi ilə bağlı olub. İstər dövlət, istərsə də özəl müəssisələrin boş iş yerləri barədə məlumatı gecikdirmək, yaxud da gizlətmək cəhdlərinin cərimə ilə nəticələnəcəyi diqqətə çatdırılıb. Gənclərin peşə maraqlarının müəyyənləşdirilərək seçim zamanı yardım edilməsi ilə bağlı idarə və müəssisələrin kadrlar şöbəsinə tövsiyyələr verilib. Hazırda Samux rayon Məşğulluq Mərkəzində 62 boş iş yeri var. Bu ilin geridə qalan dövrü ərzində mərkəzə müraciət edən 1189 nəfərdən 475-i münasib işlə təmin olunub.

Yaşar Ələkbərov- Samux rayon Məşğulluq Mərkəzinin direktoru: “Əmək bazarının sosial iqtisadi tembirlərinə dair işə götürənlərlə məşğulluq mərkəzinin bir görüşü keçirildi. Düşünürəm ki, bu görüş çox maraqlı və əhəmiyyətli oldu. Gələcəkdə bu cür görüşlər qarşılıqlı işbirliyinə yardım göstərəcək”.

Gəncədə isə 5700-dən çox şəhər sakini işaxtaran vətəndaş kimi Məşğulluq mərkəzində qeydiyyatdadır. Onların işlə təmin edilməsi və vakant iş yerləri təklif edənlərə yönəldilməsi üçün addımlar atılır. İşini itərən və işsiz olan gənclərin isə günün tələbinə uyğun peşə kurslarına cəlb edilməsi də diqqət mərkəzindədir. "Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması" mövzusunda keçirilən dəyirmi masada müzakirə olunan məsələlər bu istiqamətdə olub. Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan tədbirə 25 müəssisə və təşkilatın 50 nəfərə yaxın nümayəndəsi, eləcə də xarici təşkilatlardan təmsilçilər dəvətli olub.

Natiq Hüseyn