Bu günə xəbərlərin oxunma sayı: 1100
— 15.11.2016 13:00

Bitki Mühafizə və Texniki Bitkilər Elmi- Tədqiqat İnstitutunda 2 yeni sortun tətbiqi istiqamətində sınaq işləri aparılır

Ölkədə pambıqçılığın inkişafına Bitki Mühafizə və Texniki Bitkilər Elmi- Tədqiqat İnstitutu da öz töhfəsini verir. Yeni, daha məhsuldar sortların yaradılması ilə. Hazırda institutun elmi işçiləri tərəfindən 2 yeni sortun tətbiqi istiqamətində sınaq işləri aparılır.

Müsabiqəli və ilkin sortlar. Hazırda laboratoriyanın işçiləri tərəfindən bu sortlar üzərində işlər gedir. Sortların gələn ilin yanvar ayında Dövlət Sort Sınaq Komissiyasına göndərilməsi planlaşdırılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi- Tədqiqat İnstitutunda yeni sortların texnoloji keyfiyyətinin yoxlanmasına 2 aydır başlanılıb. Pambığın möhkəmliyi, lifin uzunluğu, qırılma yükü sınaqdan müsbət çıxarsa bu sortlar məhsuldarlığı, keyfiyyəti və digər göstəricilərinə görə üstün olacaq.

Qənirə Mustafayeva -BMTBETİ-nin Texnologiya Laboratoriyasının böyük elmi işçisi: “Pambıq əvvəlcə əllə didilir. Sort sınaqla bizə təqdim edilir. Bu didilib hazırlanandan sonra mən bunu lent şəklində dəzgahdan keçirirəm”.

Sınaqdan üzüağ çıxan sortların təsərrüfatlarda tətbiqinə yaşıl işıq yanır. Hazırda respublikada 10 yerli pambıq sortundan 8-i Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. Həmçinin institutun əməkdaşları tərəfindən hazırlanan 15 yeni pambıq sortu patent alması üçün Dövlət Sort Sınaq Komissiyasına göndərilib.

Həsənəli Aslanov -BMTBETİ-nin direktor müavini: “Bu sortlar yüksək potensial imkanlara malik olan sortlardı. Yoxlanılır və yoxlanıldıqdan sonra təsərrüfatlara əkmək üçün tövsiyə ediləcəkdi. Yəni hər bir sort yaradılanda öz sələflərinə müəyyən müsbət keyfiyyətlərə malik olmalıdır ki, rayonlaşma üçün təqdim edilsin. Bu kimi sortlarımız var, tədqiqat işi hazırda davam edir”.

Həsənəli Aslanovun sözlərinə görə, yerli ağ qızıl sortları 110-120 günə yığılır və fermerlər üçün əlverişlidir, məhsuldarlığı aşağı olan və vegetasiya müddəti 130-140 günə çatan xarici sortlarla müqayisədə. Yeni yaradılmasına baxmayaraq artıq rayonlaşdırılan Gəncə 114 və Gəncə 160 sortları isə quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlı, tez yetişən, yüksək lift çıxışına malik olması ilə digərlərindən seçilir.

Elnur Vahidoğlu