Bu günə xəbərlərin oxunma sayı: 1450
— 14.11.2016 15:39

Goranboyda payızlıq taxıl səpini aparılır

Qeyri-sabit və yağmurlu hava Goranboyda taxıl əkinini gecikdirsə də, payız səpininin noyabrın sonunadək yekunlaşması planlaşdırılır. 20 min hektar ərazidə şum işləri aparan fermerlər əkinin 60 faizini yekunlaşdıra bilib. Əlverişli hava şəraiti və texnika ilə bağlı problemin olmaması yüksək məhsuldarlıq vəd edir.

Bayram Ələkbərov- traktorçu: “Gün ərzində 15-20 hektarda səpin işləri aparırıq. O da yerin rahat və nahamar olmasından asılıdır. Bu sahədə işlərə yeni başlamışıq, axşama qədər 13-15 hektarı səpəcəyik”.

Səpinin vaxtında yekunlaşması üçün texnikaya tələbat artıb. Fermerlər bu sarıdan qıtlıq hiss etməsə də, şum işlərini yekunlaşdırdıqdan sonra gəmiricilərə qarşı mübarizə aparıb, səpini həyata keçirir. 25 hektar sahədə səpin aparan Elçin İsgəndərov dənli bitkilərdə yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qayadalara əməl olunmasını vacib sayır.

Elçin İsgəndərov- fermer: “Yağıntılar vaxtından əvvəl başladı. Çox yağış oldu deyə, torpaq da nəmli oldu, toxumu səpə bilmədik. İndi hava imkan verir, səpin hazırda texnikalar vasitəsilə aparılır. Çalışırıq ki, qısa müddətdə səpini başa vuraq”.

Digər diqqət çəkən məqam isə toxum seçimi ilə bağlıdır. Goranboylu fermerlər builki səpin üçün əsasən rayonlaşdırılmış R1 və R2 toxumlarından istifadə edirlər ki, bu toxunların da kiloqramı təsərrüfatlara 33 qəpiyə satılır.

Bu il rayon üzrə 18 min hektar sahədə səpin aparılcaq. Bu günə qədər 8 min hektarda arpa, 4 min hektarda isə buğda əkini yekunlaşıb.

Ziyad Əhmədov- Goranboy rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: “Hal-hazırda çalışırıq ki, noyabr ayı ərzində payızlıq dənli bitkilərin səpinini yekunlaşdıraq. Bunun üçün idarə tərəfindən qaynar xətt yaradılıb. Bəzi fermerlərimiz toxuma görə müraciət edirlər, bunun üçün biz toxumçuluq təsərrüfatlarını müəyyənləşdirmişik və onlara ünvanlar veririk. Fermerlərimiz də gedib oradan dərmanlanmış toxumları götürərək səpin aparırlar”.

Dənli bitkilərin əkinini aparan fermerlərə dəstək olaraq dövlət tərəfindən hər hektara səpilən toxuma görə 40 manat, motor və sürtgü yağlarına görə isə 50 manat subsidiya verilir.

Xaliq Qurbanlı