Bu günə xəbərlərin oxunma sayı: 1111
— 14.11.2016 15:02

Samuxda yeni pambıq sortları yaradılır

Samux rayonunda yerləşən və Respublikamızda yeganə pambıq sortu yetişdirən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu. 91 ildir ki, fəaliyyət göstərən bu institutda keçən illər ərzində 25 ağ qızıl növü yetişdirilib. Hazırda institutun elmi işçiləri tərəfindən 2 yeni pambıq sortlarının yaradılması istiqamətində də elmi işlər aparılır.

Müsabiqəli və ilkin sortlar. Hazırda laboratoriyanın işçiləri tərəfindən bu sortlar üzərində işlər gedir. Sortların gələn ilin yanvar ayında Dövlət Sort Sınaq Komissiyasına göndərilməsi planlaşdırılır.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda yeni sortların texnoloji keyfiyyətinin yoxlanmasına 2 aydır başlanılıb. Pambığın möhkəmliyi, lifin uzunluğu, qırılma yükü sınaqdan müsbət çıxarsa, bu sortlar məhsuldarlığı, keyfiyyəti və digər göstəricilərinə görə üstün olacaq.

Qənirə Mustafayeva- BMTBETİ-nin Texnologiya Laboratoriyasının böyük elmi işçisi: “Pambıq əvvəlcə əllə didilir. Sort sınaqla bizə təqdim edilir. Bu, didilib hazırlandıqdan sonra, mən bunu lent şəklində dəzgahdan keçirirəm”.

Sınaqdan üzüağ çıxan sortların təsərrüfatlarda tətbiqinə yaşıl işıq yanır. Hazırda respublikada 10 yerli pambıq sortundan 8-i Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. Həmçinin institutun əməkdaşları tərəfindən hazırlanan 15 yeni pambıq sortu patent alması üçün Dövlət Sort Sınaq Komissiyasına göndərilib.

Həsənəli Aslanov- BMTBETİ-nin direktor müavini: “Bu sortlar yüksək patensial imkanlara malik olan sortlardır. Yoxlanılır və yoxlanıldıqdan sonra təsərrüfatlara əkmək üçün tövsiyyə ediləcək. Yəni, hər bir sort yaradılanda öz sələflərinə, müəyyən müsbət keyfiyyətlərə malik olmalıdır ki, rayonlaşma üçün təqdim edilsin. Bu kimi sortlarımız var, tədqiqat işi hazırda davam edir”.

Həsənəli Aslanovun sözlərinə görə, yerli ağ qızıl sortları məhsuldarlığı aşağı olan və vegetasiya müddəti 130-140 günə çatan xarici sortlarla müqayisədə, 110-120 günə yığılır və fermerlər üçün əlverişlidir. Yeni yaradılmasına baxmayaraq, artıq rayonlaşdırılan Gəncə 114 və Gəncə 160 sortları isə quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlı, tez yetişən, yüksək lif çıxışına malik olması ilə digərlərindən seçilir.

Elnur Vahidoğlu