• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 27.10.2014 13:58

"Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsində Ebola virusuna qarşı gücləndirilmiş iş rejiminə keçilib

Bu günədək 4000 nəfərdən çox insanın ölümünə səbəb olan Ebola virusu yayılma arealını artırdıqca ölkələrin sərhəd keçid məntəqləri də gücləndirilmiş iş rejiminə keçir. Azərbaycanda bu virusa yoluxma halı aşkarlanmasa da, Gürcüstan və Türkiyədə bu həyacanın yaşanması "Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsinin əməkdaşlarını hərəkətə keçirib. Prosesi yaxından izləyən əməkdaşımız Rahim İbrahimoğlunun videomaterialını izləyək.

Yüksək hərarət, halsızlıq və digər narahatlığı olan insanları müəyyən etmək üçün  "Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsinin piyadalar keçən hissəsində termovizor quraşdırılıb. Təlim keçən həkim briqadası isə şübhəli xəstələrin aşkarlanması üçün adıçəkilən aparatın göstəricilərini izləyir. Bundan başqa Gürcüstan və Türkiyədən ölkəmizə gələn iri və kiçik avtomobillər də "Sınıq Körpü"-də yaradılan Sanitar-Karantin məntəqəsinə daxil olaraq dezinfeksiya edilir. Sərhəddən keçən şəxslərin virus haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə “Diqqət! Ebola qızdırması” adlı yaddaş bukletlərinin də sərhəd buraxılış məntəqələrində yerləşdirilməsi təmin edilib. 

Vəziyyəti nəzarət altında saxlamaq üçün sərhəddə çalışan həkimlərin sözlərinə görə, bu günə qədər virusa yoluxma halı aşkar olunmayıb.

45 gündür Azərbaycan gömrükçüləri sanitar-karantin nəzarətini gücləndirib və məntəqədə çalışan əməkdaşlar üçün xüsusi seminarlar təşkil edilib.

Rahim İbrahimoğlu