• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4019
— 14.11.2016 10:08

Talisman

Bəzi insanlar müəyyən bir əşyanın onları qoruduğuna, var-dövlət, uğur gətirdiyinə, sağlam yaşamasına kömək etdiyinə inanırlar. Belə əşyalara talisman deyilir. Hər şəxs fərqli əşyanı talismanı hesab edir.

Qiymətli daşlar

Müasir dövrdə insanlar öz bürclərinə görə qiymətli daşları talisman kimi qəbul edirlər. Təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik daşlar belə insanlar üçün uğur gətirən əsas əşyalardır. Misirlilər yaşıl və mavi, hindlilər isə qırmızı rəngli daşları özləri üçün uğurlu hesab edirlər. Hamımıza yaxşı tanış olan, uşaqlıqda çoxumuzun qoluna bağlanan gözmuncuğu da talisman sayılır. İnanca görə, göz muncuğu insanları şər qüvvələrdən, bəd-nəzərdən, başqalarının pis niyyətlərindən qoruyur.

Piramidalar

Dünyanın yeddi möcüzəsindən biri olan,  Misirdə yerləşən piramidalar da bir növ talismandır. Sən demə, piramida olan yerdə enerji yüksək olur və bu amil hədsiz uğur və xeyir gətirir. Deyilənə görə, balaca suvenir kimi istifadə olunan piramidalar gözə, bədənə yönələn neqativ enerjinin qarşısını alır.

Qırmızı ip

Yəqin, bir çoxunuz hətta xarici ulduzların da biləyinə qırmızı ip bağladığını görmüsünüz. XXI əsrin əvvəllərində qırmızı iplər Amerika şou-biznesinin ulduzları arasında böyük populyarlıq qazanmışdı. Bu dəb Türkiyə və Rusiyaya qədər gedib çıxmışdı. Təbii ki, burada hər kəsi bir sual düşündürür: “Böyük var-dövlət sahibi olan ulduzlar niyə qoluna adi bir qırmızı sap bağlayır? Ən əsası, bunun mənası nədir?” Ehtimal olunur ki, bu talisman insanı paxıllıqdan və ətrafdakı insanların pis gözündən, nəzərdən qoruyur. Qırmızı ipin mənfi enerjidən, o cümlədən, istənilən zaman qarşılaşa biləcəyimiz təhlükədən qoruduğu da iddia edilir. İsraildə biləyə qırmızı ip bağlamaq, əslində, bir ənənədir. Bu ölkəyə səyahət edən hər kəs qolunda belə bir iplə qayıdır.

Uğur gətirən əşyalar

Müəyyən əşyalar, müxtəlif heyvan fiqurlarının uğur gətirdiyinə inananlar da var. Belə əşyalar insandan insana dəyişir. Yəni, kiminsə talisman hesab etdiyi əşya bir başqasına əhəmiyyətsiz gələ bilər. Heyvan fiqurlarına gəlincə, delfin talismanı sevgini simvolizə edir. Bununla bərabər insanı təhlükədən qoruduğu iddia olunur. Fil, dəvə fiqurlarının isə ruzi-bərəkət gətirdiyinə inanılır.

Nal

 

Türk xalqlarının həm dini inancında, həm də məişətində at mühüm yer tutub. Nal  isə bərəkət, xoşbəxtlik, ailə səadətinin əlamətidir. At nalının bədnəzəri qaytarması barədə inanclar da mövcuddur.

Gülşən Zabitqızı