Bu günə xəbərlərin oxunma sayı: 1110
— 13.11.2016 13:59

Azərbaycanlı fermerlər taxıl və tərəvəz sahələrində tütün becərdilər,bəs məhsuldarlıq qənaətbəxşdirmi?

Bu il bir çox rayonlarda olduğu kimi Masallıda da yaxşı gəlir əldə edəcəyindən əmin olan bir çox fermerlər taxıl və tərəvəz sahələrində bu il tütün becərdilər. Məhsuldarlıq da yaxşıdır. İndiyədək təsərrüfatçılar  10 tona yaxın qurudulmuş tütün tədarük ediblər.  

Masallıda bu il 25 ildən sonra  tütün əkini aparıldı. Tütün sahələri əsasən Şərəfə, Bədəlan Qızılağac kəndlərində əvvəlki illərdə tərəvəz və taxıl əkilən yerlərdə salınıb. Fermerlər bu addımı onunla əsaslandırırlar ki, tütünçülük nisbətən az əziyyət tələb edir, lakin daha gəlirlidir. Üstəlik ölkə başçısının sərəncamı ilə bu ildən etibarən kənd təsərrüfatının bəzi digər sahələri kimi tütünçülüklə məşğul olan fermerlər də subsidiya alacaqlar. Bu da istənilən halda bu sahənin qarşıdakı illərdə yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaq. Becərilməsi onsuz da digər sahələrə nisbətən az xərc tələb edən tütün üçün verilən subsidiya fermerlər üçün qənbaətbəxş hesab edilir.

May ayının əvvəllərində açıq sahədə əkilən tütünün artıq iyun ayından etibarən yığımına başlanıb və bu günə qədər də davam etməkdədir. Mövsümi yağışlardan sonra isə tütün daha da böyüyərək həcmi artıb. Bu da fermerlərin gözlədiklərindən daha çox tütün yarpağı əldə etməsinə səbəb olub. Qurudulmuş tütünün bir kiloqramı 1 manat 60 qəpik -2 manata təhvil verilir.

Elmar Həsənov –fermer: “Əsas odur ki, bunu bizdən götürən zavod var. Aparırıq Şəkidə kiloqramı iki manatdan veririk çıxıb gəlirik”.

Masallı KT idarəsindən verilən məlumata görə, bugünədək rayonda 10 tona yaxın qurudulmuş tütün təhvil verilib. Sahələrdəyığım isə şaxtalı havalar başlayana qədər davam edəcək. Ümumilikdə rayonda 11 ha ərazidə tütün əkini həyata keçirilib. Növbəti illərdə sahələrin 150 hektara çatdırılması planlaşdırılır. Ölkə prezidentinin tapşırığına əsasən bu məqsədlə rayonda böyük qurutma sexləri yaradılacaq ki, bu da təsərrüfat sahiblərinə daha həvəslə işləməyə və daha çox gəlir götürməyə imkan verəcək. Bu il Masallı rayonu ilə yanaşı, cənub bölgəsində Lerik  və Yardımlıda da uzun fasilədən sonra ilk dəfə tütün əkini aparılıb.  

Məhəmməd Rzayev