• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 02.11.2016 15:24

Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” adlı elmi-praktik konfrans keçirilir

Azərbaycan Milli Kitabxanasının, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, F.Köçərli adına Respublika Kitabxanasının, bir sıra şəhər-rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları, o cümlədən Rusiyanın kitabxana sistemlərinin tanınmış mütəxəssisləri Gəncədə bir araya gəlib. Onlar "Gənclər-İnnovasiyalar-Kitabxanalar" adlı elmi-praktik konfransda iştirak etmək üçün Nizami yurdundadır. İki gün ərzində kitabxana-informasiya sahəsinin müxtəlif fəaliyyət istiqamətlərinə dair diskussiyalar, interaktiv elmi debatlar aparılacaq, dəyirmi masalarda fikir mübadiləsi ediləcək. Konfrans, eyni zamanda Azərbaycan və Rusiyanın müxtəlif profilli kitabxanaları arasında əməkdaşlığın qurulması və kitabxana-informasiya sahəsinə dair elmi mübadilənin aparılmasına da imkan yaradacaq. Rusiyalı qonaqların Gəncədə kitabxana sistemində yaradılan imkanlar barədə ilkin təəsüratları isə müsbətdir. Ələxüsus, şəhərdə fəaliyyət göstərən Uşaq Kitabxanası və Miniatür Kitab muzeyi heyranlıqla qarşılanıb.

Vadim Stepanov- Moskva Mədəniyyət Universitetinin pedaqoqu: "Gördüyüm qədəri ilə bu muzeydə çox unikal kitablar toplanıb. Mən buarada ən az günümün yarısını keçirərdim, amma təbii ki, bizim burada olmağımızın əsas səbəbi konfransdır. Fikrimcə bu iki günlük konfrans yeni kitabxana anlayışının formalaşmasına səbəb olacaq. Günümüzdə biz kitabları çox sevsək də, əsasən elektron nəşrlərdən istifadə edirik və kitabxanalara az üz tuturuq. Bax, Gəncədə əsasən bundan danışacağıq".

Yekaterina Popova- rusiyalı nümayəndə: "Əvvəl onu deyim ki, Miniatür Kitab muzeyi çox xoşuma gəldi. İstərdim ki, belə yerlərin sayı çox olsun. Düşünürəm ki, biz tərəflərdə də bura bənzər bir mərkəz və ya muzey açsalar çox yaxşı olar. O ki, qaldı konfransa... Ən önəmlisi bu konfrans təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq. Ümid edirəm ki, burada qurulacaq əlaqələr, gələcəkdə davam etdiriləcək yeni və uğurlu əməkdaşlığın təməli olacaq".

Gülnar Fazilqızı