Bu günə xəbərlərin oxunma sayı: 859
— 30.10.2016 13:07

Artıq təsərrüfatçılar bazara getmədən kənd təsərrüfatı məhsullarını elektron qaydada sata biləcəklər

Yaxın gələcəkdə şimal regionundan olan təsərrüfatçıların bazara çıxmasına ehtiyac qalmayacaq. Çünki təsərrüfatçılar satışı elektron qaydada həyata keçirə biləcəklər.

Elxan Qəribov 10 ildən çoxdur ki, Qubanın Timirzayev kəndində təsərrüfatla məşğuldur. Beş hektar sahədə alma bağı salan təsərrüfatçı keçən illə müqayisədə bu il məhsuldarlığın yaxşı olduğunu bildirir. Yetişdirdiyi almaları hər il Bakıda satan sahibkar indi məhsulunu xarici bazara çıxarmaq istəyir.

Elxan Qəribov kimi bir çox təsərrüfatçıların xaricə əsasən də Rusiya bazarlarına məhsul satması bir sıra əlavə xərclər hesabına başa gəlir. Lakin yaxın zamanda Qubada fəaliyyət göstərən “Fermer evi”ndə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonundan olan təsərrüfatçılar məhsulu elektron qaydada sata biləcəklər. Artıq fermer evinə elektron satışla bağlı yüzlərlə təsərrüfatçı müraciət edib.

Yeni yaradılan elektron satışdan bütün növ məhsul yetişdirən təsərrüfatçılar istifadə edə biləcəklər. Bununla bağlı “Fermer evi”nə lazımi avadanlıqlar gətirilib.

Yaxın zamanda şimal regionundan olan təsərrüfatçılar bazara getmədən kənd təsərrüfatı məhsullarını elektron qaydada sata biləcəklər. Bunun üçün isə Qubada yerləşən “Fermer evi”nə gələrək kompüterə satacağı məhsul və qiyməti barəsində məlumat yerləşdirmək kifayətdir.

Sistem tam hazır olduqdan sonra Elxan Qəribov kimi təsərrüfatçılar əlavə yol xərclərindən azad olacaq. Elektron satış nəticəsində məhsulu almaq istəyən alıcı bir başa təsərrüfatçı ilə əlaqə saxlayaraq bağdan məhsulu alacaq. Kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı tədarükü və təchizatı da əsasdır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli Fərmanı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və  emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etməkdir. Regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirməkdən ibarətdir.

Tehran Orucoğlu