Bu günə xəbərlərin oxunma sayı: 1397
— 30.10.2016 13:06

Ölkədə yerli məhsulların ixrac edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir

Son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması,  sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.  Fermerlər əkib-becərdikləri meyvə-tərəvəzi,  istehsal və emal müəssisələri isə məhsullarını artıq xarici bazarlara çıxış imkanı əldə edib.

Əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq olunan güzəştlər, yaradılmış müasir infrastruktur istehsal və ixrac imkanlarının  artırılmasına əlavə təkan verir.  Ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin etməklə yanaşı, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr  xarici ölkələrə də ixrac edilir.  İri istehsal obyektlərindən olan Lənkəran konserv zavodu da bu missiyanı həyata keçirən müəssisələrdəndir. Mövsümdən asılı olaraq 300-400 işçinin çalışdığı müəssisədə konservləşdirilmiş  məhsullar,  mürəbbələr, kompotlar, turşular, hazır yeməklər də daxil olmaqla 100-ə yaxın çeşiddə məhsullar istehsal edilir. 2009-cu ildən fəaliyyətə başlayan müəssisə artıq  məhsullarını xarici ölkələrə də ixrac edir.

Mirrəhman Ağayev- müəssisə rəhbəri:Məhsullarımızı daxili bazara, yəni ölkə daxilinə təqdim etməklə yanaşı, hal-hazırda  bir çox qonşu ölkələrə və bir çox Avropa ölkələrinə də ixrac etməkdəyik və gələcəkdə bu potensialı, bu imkanları daha da genişləndirməyi düşünürük ki, məhsullarımız bu gün Azərbaycandan kənarda Azərbaycan brendi olaraq Produktov Azərbaycan”  olaraq  ixrac olunmaqdadır.

Bu da həm Azərbaycana  daxil olan valyuta ehtiyatlarına,  eyni zamanda  ölkənin  iqtisadi inkişafına daha da  bir stimul yaratmaqdadır. Müasir avadanlıqlarla  təchiz olunmuş müəssisədə  məhsullar tam əl dəymədən yüksək standartlara uyğun şəkildə istehsal  edilir.

Mirrəhman Ağayev- müəssisə rəhbəri:Müəssisədə istehsal  olunan bütün məhsullar standartlara uyğun olaraq istehsal edilir, qablaşdırılır, paketlənir və  alıcılara, istehlakçılara təqdim olunur”.

Lənkərlan Konserv Zavodu əsasən istehsalatda yerli fermerlərdən və əhalidən toplanan kənd təsərrüfatı məhsullarından istifadə edir. Bununla  həm də  yerli istehsalın inkişafına zəmin yaradılır.

Mirrəhman Ağayev- müəssisə rəhbəri:Xammallar əsasən yerli tədarükçülərdən qəbul edilir. Əhalidən daxil olan xammaldır.. Müəssisə yerləşdiyi Lənkəran rayonunu və ətraf bir çox rayonlardan meyvə tərəvəz xammallarını qəbul edir və bu imkanları daha da genişləndirməyi,  artırmağı düşünürük.  

Dövlətin  bu sahəyə olan dəstəyi nəticəsində  müəssisə gələcəkdə xaricə ixrac potensialını  daha da artırmağı planlaşdırır.

Dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, habelə  qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarlar idxaldan asılılığın azalmasına, əksinə ixrac imkanlarının daha da  artırılmasına gətirib çıxaracaq.

Pərvanə Əliyeva