• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 29.10.2016 15:49

Peşə məktəblərində peşə seçimləri edilərkən bazar tələbləri nəzərə alınırmı?

Bazarın tələblərinə cavab verməyən və gələcək üçün hesablanmayan peşələr iflasa məhkumdur. Peşə məktəblərində bunlar nəzərə alınmalı və işlə təminatlı kadrların hazırlanmasına çalışılmalıdır. Xüsusilə də əyalətlərdə peşə seçimi zamanı mövcud imkanlardan çıxış edilməlidir. Əməkdaşlarımız Göygöl Peşə məktəbinin timsalında mövzuya yanaşıb.

Malik Həmzəyev- şagird: “Mən bir ay yarımdır peşə məktəbinə gəlirəm və bu müddətdə elektrik avadanlıqlarının işlənməsi, cərəyanın necə yaranmasını öyrənmişəm. Dərslərimiz hər gün saat 9-dan 3-ə kimi əyani keçirilir. Tədris çox gözəl olunur”.

Malik Həmzəyev Göygöl Peşə məktəbinin elektrik avadanlıqları və xidməti üzrə montyor qrupunun 1-ci kursunda oxuyur. Dayısı montyor olduğu üçün bu ixtisasa uşaqlıqdan həvəsi yaranıb və gələcək elektrik olmağı düşünür. Onun kimi Göygöl Peşə məktəbində 155 şagird 5 müxtəlif ixtisas üzrə seçdikləri peşələrin sirlərini öyrənir.

Peşə məktəbinin geniş profilli traktorçu-təmirçi ixtisası emalatxanası mövcuddur. Göygöl rayonu da aqrar rayon olduğu üçün məhz bu ixtisasa gələn uşaqların sayı digər ixtisaslara nisbətən daha çoxdur.

Həftənin 5 günü iki qrupda 40-a yaxın şagirdə geniş profilli traktorçu-təmirçi ixtisası üzrə nəzəri dərslərlə yanaşı əyani vastələrlə ixtisas izah olunur.

Vahid İsmayılov- çilingər ustası: “Dərslik üçün hər şey var. Dəzgahlar olduğu üçün biz də uşaqlara öyrədirik”.

Ömər Bayramov- şagird: “Çəkicin, açarın yiyələnməsi, onun ölçü qaydasını öyrənmişik. Bir ayın içində nə öyrənəsiyiksə müəllimlərimiz sağ olsun, öyrədib”.

Peşə məktəbində yalnız kompüter ixtisası ödənişlidir və hazırda burada 20 şagird təhsil alır. 45 ildir fəaliyyət göstərən ikimərtəbəli peşə məktəbinin birinci mərtəbəsində emalatxanalar, ikinci mərtəbəsində isə nəzəri otaqlar yerləşir. Peşə sahibi olmağa maraq gələcəkdə yeni ixtisasların yaradılmasını gündəmə gətirib.

İftixar Hüseynov- Göygöl Peşə məktəbinin direktoru: “Uşaqlar məktəbi qurtaranda həmin uşaqların həm dövlət idarə və müəssisələrində, həm də sahibkarlıq idarələrində işlə təmin olunmasına köməklik göstəririk. Bizim rayon kənd təsərüfatı məhsullarının istehsalı ilə məşğul olunan rayondur. Ona görə də kənd təsərrüfatı istehsalı ilə əlaqədar mütəxəssislərin hazırlanmasını nəzərdə tutmuşuq. Planlarımız hazırlanır, gələcək illərdə hansı peşələr, hansı ixtisaslar öyrənilir. Bunlar Nazirliyə təqdim ediləcək”.

Mövcud bazara və tələbata uyğun kadrların hazırlanması isə xüsusi diqqət tələb edir. Peşə məktəblərindəki ixtisaslara məhz bu yöndən yanaşmanın tərəfdarı olan iqtisadçı-ekspert Vüqar Bayramlı xidmətlərin elektronlaşdırılması istiqamətində atılan addımları əsas tutaraq, bəzi peşələrin tədricən sıradan çıxacağını istisna etmir.

Vüqar Bayramlı- iqtisadçı-ekspert: "Əl əməyi tələb edən, innovativ olmayan peşələrin sayının azalması gözlənilir. Daha çox peşələrin xidmət, ticarət, maliyyə, bank və sığorta sektorunda olacağı gözlənilir. Eyni zamanda, elektronlaşma həm də bu sferalarda, o cümlədən maliyyə və sığorta siferasında bu gün tətbiq olunmayan işlərin və iş yerlərinin də yaradılmasına gətirib çıxaracaq”.

Vüqar Bayramlı əmək bazarına çıxış üçün ixtisasların mövcud peşələrə və mövcud tələblərə uyğun olaraq formalaşdırılmasını vacib sayır.

Elnur Vahidoğlu