• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 26.10.2014 13:35

MŞ Gəncədə “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində jurnalistlərlə görüş keçirib

Görüşdə region mətbuatının və müasir Azərbaycan dilinin problemləri müzakirə edilib.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən layihə Şəkidən sonra Gəncədə təşkil olunub. KİV təmsilçiləri, ictimaiyyət nümayəndələri və dilçi alimlərin iştirak etdiyi dəyirmi masada “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb. AMŞ-ın apardığı monitorinqlərin nəticəsi onu göstərir ki, hazırda Azərbaycan mətbuatının dilində olan pozuntuların 90 faizini qrammatik və üslubi səhvlər təşkil edir. Narahatlıq doğuran başqa bir məsələ isə sözlərin düzgün tələffüz olunmamasıdır. Bunun əsas səbəbi isə Azərbaycan dilinin xarici dillərin təsirinə məruz qalmasıdır.

Əflatun Amaşov –Mətbuat Şurasının sədri: “Layihədə məqsəd mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai fəallığın təminatından ibarətdir”.

Dil bir xalqın var olması üçün lazım olan ən vacib amildir. Onun qorunması, zamanın tələblərinə uyğun istifadə olunması və mövcud qüsurların aradan qaldırılması üçün aparılan monitorinqlər bundan sonra da davam etdiriləcək. Mətbuatın var olması – bir başa dil hadisəsidir. Bu səbəbdən də mövcud problemlər öz işinin məsuliyyətini dərk edən hər bir mətbuat işçisini narahat etməlidir.

Gülnar Fazilqızı