• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 27.10.2016 15:09

Vaxtında edilən müayinə ilə qadın xəstəliklərinin qarşısını almaq olar

Qadın xəstəliklərində artım var. Mövzunu əməkdaşımız Xəyalə Mürsəl xərçəng də daxil olmaqla, qadın xəstəliklərinin artımı fonunda araşdırıb. Xəstəliklərin yaranma səbəbləri müxtəlif olsa da, ona münasibət və nəticəsi çox vaxt eyni olur. Həkimə vaxtında edilməyən müraciət və ölüm kimi. Amma fərqli nəticə ola bilər. Hətta elə xəstəliklər var ki, 10 il əvvəl müəyyən etmək və qarşısını almaq olar. 

Şəhər sakin: “Yaşım ötüb, neyləyirəm mən? Həm də, gərək ağrıyasan ki, müayinəyə gedəsən”.

Şəhər sakini: “Yox, ağrımasam həkimə müraciət etmərəm”.

Şəhər sakini: “Yalnız ağrıyanda ginekoloqa gedirəm”.

Şəhər sakini: “Profilaktik məqsədlə müraciət etdiyim yadıma düşmür. Lazımdır, amma əməl etmirik. Gərək kəskinləşə, onda getməliyik”.

Məlumatsızlıq, laqeydsizlik, bəzi hallarda isə verilməyən əhəmiyyət qadınlara xas xəstəliklərin yaranması ilə nəticələnir. Və ya vaxtında edilməyən müayinə buna gətirib çıxarır. Rəyini öyrəndiklərimizin cavabları da bunu təsdiqləsə də, amma bu, heç də düşünüldüyü kimi sağlam olmaq demək deyil.

Əfsuslar olsun ki, ginekoloji xəstəliklərin bir çoxu şikayətsiz keçir, o zaman biruzə verir ki, artıq fəsadlaşmış dövrdür, potoloji bir vəziyyət və risk var. Misal üçün, elə götürək uşaqlıq boynu erroziyasını. Bəziləri hərdən ultrasəs müayinə ilə kifayətlənir. Amma bu xəstəliyin ultrasəslə təyin edilməsi mümkün deyil. Bu erroziya vaxtında təyin edilərək qarşısı alınmazsa, gələcəkdə bədxassəli şiş əmələ gətirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən 2014-cü ildə süd vəzinin xərçəngiylə 1549 qadın rastlaşdığı halda, ötən il belə xanımların sayı 1686 olub. Anoloji hal uşaqlıq boynu və yumurtalığın bədxassəli yeni törəmələrində də müşahidə edilir.

Namiq Piriyev- Gəncə şəhər Onkoloji Xəstəxananın baş həkimi: “Xəstəxanamıza müraciət edən qadınların əksəriyyəti süd vəzi potologiyasıyla, bir də ginekoloji problemlərlə bağlıdır. Yəni uşaqlıq boynunun və uşaqlıq cisminin xəstəlikləridir. Bu xəstəliklərdə artım müşahidə olunur. Səbəblərindən biri odur ki, qadınlar çox az-az həkimə müraciət edirlər. Təbii ki, vaxtında müraciət edilmədiyi halda gələcəkdə müalicə zamanı çətinliklər yaranır”.

Hər bir qadın ildə bir dəfə ultrasəs, baktereoloji, zöhrəvi xəstəliklərə görə, 35 yaşdan başlayaraq isə süd vəzilərinin mamoqrafik müayinələrindən keçməlidir. Həkimlər xəstəliklərin vaxtında aşkarlanması üçün bunları vacib sayır.

Samirə Babayeva- ginekoloq: “Pap yaxma uşaqlıq boynunun xərçənginin 10 il əvvəldən müəyyən edilməsidir. Dünyada hər iki dəqiqədən bir 1 qadın bu xəstəliklə dünyasını dəyişir. Bunun da törədicisi 230-dan çox növü olan popeloma virusudur. Onlardan 18 növü ən təhlükəli risk qrupuna daxildir ki, onlar da uşaqlıq boynu xərçənginin 99,7% səbəbkarıdır”.

Ailə qurmazdan əvvəl qadınların tibbi müayinəsini vacib sayan mütəxəssislər, qeyd olunan müayinələrin mütəmadi aparılması ilə ana ölümlərinin də qarşısını almağı mümkün sayır.

Xəyalə Mürsəl