• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 26.10.2016 17:20

Goranboyda sel təhlükəsinə qarşı tədbirlər görülür

Bir neçə gündür qərb regionuna yağan intensiv yağışlar bəzi çaylarda suyun səviyyəsini artırıb. Daşqın təhlükəsini nəzərə alaraq Goranboy Suvarma Sistemləri İdarəsi sel təhlükəsi gözlənilən ərazilərdə qabaqlayıcı tədbirlər həyata keçirir. Rayon ərazisindən keçən Kürəkçay, Qaraçay və Gorançay çaylarının daşqın təhlükəsi yaradacaq hissələrinə sel ötürücü kanallar və bəndlər çəkilir. Sel sularının daha çox ziyan vurduğu Borsunlu kəndində 1 kilometr məsafədə mühafizə bəndi, Rəhimli, Şahməmmədli və Goranboy şəhərini sel təhlükəsindən qorunması məqsədi ilə uzunluğu 7 kilometr olan Rəhimli sel ötürücüsü inşa edilib. Həmçinin rayonun digər hissəsində yerləşən və sel təhlükəsi olan Səfikürd, Qızılhacılı, Balakürd kəndlərinin də Qaraçay çayının daşqınlarından qorunması üçün 6,7 kilometr məsafədə sel ötürücü kanal çəkilib. Mövcud kanalların su ötürücülük qabiliyyətinin yaxşılaşdırılması üçün idarənin balansında olan texnikalardan istifadə etməklə 168 min kubmetr hissə lildən və alaq otlarından təmizlənib.

İsfəndiyar Bayramov- Goranboy Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: “Hər il olduğu kimi bu il də əsas sel tutan kəndlərimizi sel sularından müdafiə etmək üçün bəndlər çəkilib. Və bu bəndlər hər il təmizlənir. Hələlik sel təhlükəsi gözlənilmir. Əsasən daşqınlar yaz aylarında olur. Biz idarənin balansında olan 12 ağır texnikadan istifadə edərək intensiv yağışların yağmasına baxmayaraq sel sularının maneəsiz ötürülməsini təmin etmişik”.

Elton Cabbarlı