• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 25.10.2016 16:02

Göygöldə yollar qışa hazırlanır

Yol kənarlarına yığılan qum və duz topaları. Qarlı havalarda dağətəyi, eləcə də dağ rayonlarına yan alan avtomobillərin rahat hərəkəti üçün görülən tədarük. 24 nömrəli Yol İstismar İdarəsinin işçiləri yollarda problem yaşanmasın deyə hərəkətə keçib.

Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dağlıq, eləcə də dağətəyi rayonlara sulu qar, qar yağacaq. 24 nömrəli Yol İstismar idarəsinin işçiləri də yollarda qabaqlayıcı tədbirlərə başlayıb. Yolların kənarına qum, eləcə də duz ehtiyatı yığılır.

İmran İsayev- 24 N-li Yol İstismar İdarəsinin işçisi: “Qumla duzu qatıb yollara atırıq. Yolları təmizləyirik. İndiyə kimi heç bir problem yaranmayıb, inşallah da yaranmaz”.

Artıq 10 gündür idarənin 60-a yaxın işçisi problem olmasın deyə, gücləndirilmiş iş rejimində çalışır. Dağ kəndlərinə gedən magistral və kənddaxili yolların kənarlarına 15 ton duz, 100 kub qum tökülüb.

Şəmsi Nəcəfov- 24 N-li Yol İstismar İdarəsinin baş mühəndisi: “Əsas Kürdallar- Köşkü-Murud avtomobil yolu, eləcə də Topalhəsənli avtomobil yolunda hazırlıq işləri görülüb. Bu işlər mütamadi olaraq davam etdirilir”.

Görülən işlər əsasən də sürücülərin ürəyincədir və avtomobillərin sərbəst hərəkətinə hesablanıb.

Saməddin Ələsgərov- sürücü: “Mən yuxarı Şəhriyar kəndində yaşayıram. Həmişə bu yoldan istifadə edirəm. Yol işçiləri də həmişə - qışda, yayda yola xidmət edirlər. Gediş-gəlişimiz asandır. Əsas qış aylarında yol idarəsinin işçiləri buzun qarşısını alır - duz, qum səpir. Yolda narahatçılığımız yoxdur”.

Arzu Mansurov- sürücü: “Mənim qohumlarım Yenizod kəndində yaşayır. Tez-tez gedib-gəlirəm. Maşınım xarici maşın olmağına baxmayaraq, yollar çox gözəldir. Hazırda yenə də işləyirlər. Yollara daim qum, duz səpirlər. Çox rahatdır”.

Mənzil başına rahat və təhlükəsiz çatmaq üçün "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kifayət qədər duz və qum ehtiyatı var. Həmçinin texnikaların sazlığının yoxlanması üçün də göstəriş verilib.

Anar Nəcəfli- "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri: “Qar yağan zaman avtonəqliyyatların rahat, maneəsiz hərəkət etməsini təmin etmək məqsədi ilə duz, qum ehtiyatının toplanmasına başlanılıb. Artıq bununla bağlı “Azərduz” ASC ilə duzun alınması üçün müqavilə imzalanıb. 2 min ton duz ilkin mərhələdə alınıb, ehtiyac yaranarsa, növbəti mərhələdə də müqavilə uzadılaraq duzun alınması təmin olunacaq. Bundan başqa da, maşınların saz vəziyyətə gətirilməsi təmin olunub. Onların yanacaq, sürtkü materiallarının ehtiyatının toplanması istiqamətində də işlər həyata keçirilir”.

Əgər qar yağarsa yolların təmizlənməsinə 24 N-li Yol İstismar İdarəsinin 6 ağır texnikası da çıxarılacaq. Xidmət edilən 172 km-lik yolun 56 km-i Respublika, 123 km-i isə yerli əhəmiyyətlidir.

Elnur Vahidoğlu