• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 25.10.2014 14:35

Gəncədə məskunlaşan məcburi köçkünlərin qış aylarında heç bir problemlə üzləşməməsi üçün bütün zəruri işlər görülüb

Həmçinin qışda duru yanacaqla təmin olunacaq 1300 məcburi köçkün ailəsinin də siyahısı dəqiqləşdirilib.

Gəncədə məskunlaşan məcburi köçkünlərin qışa hazırlığı oktyabrın əvvəlində başa çatıb. Məcburi köçkünlərin məskunlaşdıqları yataqxana və digər yaşayış sahələrində yoxlamalar aparılıb, sınmış pəncərə şüşələri dəyişdirilib. Eləcə də qaz, işıq, su və kanalizasiya xətləri qaydaya salınıb. Bundan başqa, qazla təmin olunmayan yerlərdə məskunlaşan 1300 məcburi köçkün ailələrinin siyahısı tutulub və qış mövsümü ərzində bu ailələrin hər birinə ayda 40 litr duru yanacaq veriləcək.  

Süleyman Abbasov- Dövlət Qaçqınkomun Gəncə üzrə nümayəndəsi: “Biz hamısını araşdırmışıq, siyahılarımız hazırdır. Artıq noyabr ayından duru yanacağın paylanılmasına başlanılacaq. Payız-qış aylarında hər nəfər üçün 45 kub.metr qaz nəzərdə tutulur. Yay aylarında isə 25 kub.metrdir. Elektrik enerjisi isə yay və qış aylarında  həmişə hər nəfərə 150 kv/saat verilir. Bu da tamamilə məcburi köçkünlərin tələbini ödəyir. Heç bir şikayət yoxdur”.

Bu ilin fevral ayının əvvəlində Gəncədə məskunlaşan 1500 məcburi köçkün ailəsi yeni qəsəbəyə köçürülüb. Payız-qış mövsümü ilə əlaqədar qəsəbədə olan iki qazanxananın  köhnə yararsız boru xətlərini yoxlanılıb, qaz xətlərində olan sızmaların qarşısı alınıb.

Etibar Abbasov- Dövlət Qaçqınkomun MİD Gəncə şəhər yeni qəsəbə üzrə MKİS mühəndisi: Noyabr ayının 15-dən etibarən mənzillərdə istiliyi təmin etmək üçün istilik sistemlərinə isti su veriləcək. Bunlar müasir qazanxanalardır. Burada kiçik çatışmazlıq olanda belə göstəricilər göstərir və yerindəcə həll olunur”.

Gəncədə hazırda 6 min ailədə 18 min nəfər məcburi köçkün yaşayır. Bu məcburi köçkünlərdən 4500 ailə 18 müxtəlif yataqxanada və fərdi yaşayış evlərində məskunlaşıb.

Elnur Vahidoğlu