• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 25.10.2014 12:01

Gəncə Avtomobil zavodunun istehsal həcmi sürətlə artır

Gəncə Avtomobil zavodu üçün 2014-cü ili uğurlu il hesab etmək olar. Əgər ötən ilin 9 ayında Gəncə Avtomobil zavodunda istehsal həcmi 30,9 milyon manat olubsa, bu ilin eyni dövründə bu göstərici 53,7 milyon manat təşkil edib. İstehsalını artırmaqla buna nail olan müəssisədə işçilərin sayında da artım var.

Almaniya və İtaliyadan gətirilən müasir avadanlıqlardan istifadə etməklə məhsulun modernləşdirilməsinə nail olan Gəncə Avtomobil zavodu 2014-cü ildən 2 modeldə mini traktorların istehsalına başlayıb. Minsk təkərli dartıcılar zavodu ilə bağlanan müqaviləyə əsasən, artıq zavodda iritonnajlı yük maşınları və ağır yüklərin daşınması üçün nəzərdə tutulan treylerlər də yığılır.

Şəhla Abdinova- Gəncə Avtomobil Zavodu İB-nin direktor müavini: "Traktor və avtomobillərdən başqa, traktorların bazasında ekskovator, qar təmizləyən, asfalt doğrayan, yol təmizləyən texnikalar istehsal edilir. “MAZ” avtomobillərinin bazasında yanacaq və sudaşıyan maşınlar, asinizasiya və kommunal xidmət maşınları da istehsal olunur".

500-dən çox işçisi olan müəssisədə məhsullar yerli şərait nəzərə alınmaqla yığılır. Zavodda ilin sonunadək məhsul buraxılışının həcminin artırılaraq 300 ədəd müxtəlif növ traktor, 70 ədəd “MAZ” avtomobili və daha 300 ədəd kənd təsərrüfatı asma avadanlığına çatdırılması planlaşdırılır.

Aymirə İsmayılqızı