Bu günə xəbərlərin oxunma sayı: 1353
— 18.10.2016 12:06

Ölkə ərazisində soyğunçuluq törədənlərin əməli cəzasız qalmadı

Növbəti materialımız da üzqızardan əməldən, yəni oğurluqdandır. Amma bu dəfəki oğruların başlarına gələn və başlara gətirdikləri bir balaca təəccüblüdür. Əvvəla hər iki oğurluq faktı şəxslərin öz tanışlarına qarşı olub. Sonrası isə budur ki, dələduzlardan birinin ömrünün 11 ili həbsdə keçib. Bundan sonra neçə ili qazamatda keçəcək bax bunu biz də bilmirik...

Bakı şəhər sakini 26 yaşlı Emil İsgəndərov Yasamal Rayon Polis İdarəsinə gələrək, ona qarşı soyğunçuluq edildiyini bildirib. İsgəndərovun sözlərinə görə, dükanına daxil olan Kamran adlı şəxs kassada olan 140 manatı zorla götürərək, çıxıb gedib. Araşdırmalara başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Kamran Gözəlzadəni saxlayıblar. Polisə ifadəsi zamanı Kamran Emilin ona pul borclu olduğunu bildirib. Belə ki, o, şikayətçinin mağazasına satılması üçün spirtli içkilər verib. Mal satılsa da, pulunu ala bilməyib. Hadisənin də baş verməsinə səbəb, məhz sadalananlar olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Sumqayıt şəhərində VAZ 2107 markalı avtomaşını oğurlayan şəxsi saxlayıb. Məlum olub ki, avtomobili oğurlayan şəxs əslən Qubadlı rayonundan olub, paytaxtın Binəqədi rayonunda yaşayan İmdad Məmmədovdur. İstintaq zamanı dindirilən İmdad hadisəni törədən zaman içkili olduğunu deyir. Oğurladığı avtomobil isə elə öz tanışının olub.

30 yaşlı İmdad Məmmədov əvvəllər də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif  maddələri ilə məhkumluq həyatı yaşayıb. Artıq faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırma aparılır.

Zülfiyyə Telmanqızı