• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 11.10.2016 15:51

Göygöldə 540 uşaq məktəbəhazırlıq qrupuna cəlb edilib

Göygöldə məktəbəhazırlıq qruplarına maraq böyükdür. 5 yaşı tamam olan uşaqlarını məktəblərə formalaşdıran bu tip qruplara qoymaq istəyən valideynlərin çoxsaylı müraciəti yerlərin artırılmasına səbəb olub.  İndi rayon üzrə 540 uşaq gələn il üçün 1-ci sinfə hazırlaşır.

Oktyabrın 1-dən başlayan dərslər üçün uşaqların sayı 360 nəfər nəzərdə tutulsa da, bu rəqəm 540-a çatıb. 16 orta məktəb üzrə formalaşdırılan 25 qrupdan yalnız 1-də 24 nəfər rus bölməsi üzrə təhsil alacaq.

Aynurə Əzizova- müəllim: “5 yaşlı uşaqlarla əlaqədar olaraq 6 günlük kursda olmuşuq. Mən rus bölməsində fəaliyyət göstərirəm. Proyektorla, şəkillər çıxararaq çalışırıq. Dərsləri qavrayanı da, bir az zəif olanı da var. Amma çalışırlar ki, bunlar da qavrasınlar”.

Leyla Muradova- valideyn: “Mənim də övladım 5 yaşa qədər uşaqların hazırlıq qrupuna gəlir. 10 gündən artıqdır ki, məktəbə gəlir. Özüm hiss edirəm ki, uşağın təfəkküründə, elmi qabiliyyətində irəliləyişlər var. Çox razıyam təşəkkür edirəm”.

Həftədə 4 gün, hər hazırlıq 30 dəqiqə olmaqla gündə 3 dərs keçilir. Uşaqlara ilkin anlayışlarla yanaşı məktəblə, ətraf mühitlə tanışlıq,  müəllimlə davranmaq, nitq inkişafı, sadə riyazi hesablamalar izah olunur.

Məktəbəqədər hazırlıq qruplarında dərs vəsaitləri olmadığı üçün dərslər şifahi keçirilir. Gələn həftə isə Təhsil Nazirliyi tərəfindən göndəriləcək dərs vəsaitləri uşaqlara paylanılacaq.

Dərslikləri əvəz edəcək kitablar 4 adda olacaq. Hazırlıq qruplarına maraq rayon Təhsil Şöbəsi üçün gözlənilməz olub. 

Sevinc Hacıyeva- Göygöl rayon Təhsil şöbəsinin Metodiki Mərkəzinin metodisti: “Göygöl rayonu üçün bu, çox sevindirici haldır. Çünki 5 yaşlı uşaqlar pərakəndə, uşaq baxçalarında hazırlıqda idi. Bunun məktəblərdə təşkil olunması valideynləri sevindirdi. Biz qruplara gələn uşaqların sayını 15-20 nəfər nəzərdə tutmuşduq, indi hər qrupa 30-32 nəfər uşaq gəlir. Biz bu sayı dayandıra bilmərik. Gələcəkdə bu qrupların sayını artıracağıq”. 

Hazırlıq qruplarında dərslər may ayının 31-də başa çatacaq.

Elnur Vahidoğlu