• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 24.10.2014 19:28

Samux Dövlət Ovçuluq Təsərrüfatı gücləndirilmiş iş rejiminə keçib

Ov mövsümünün gəlişi ilə əlaqədar olaraq Samux Dövlət Ovçuluq Təsərrüfatı gücləndirilmiş iş rejiminə keçib. Məqsəd ərazidə mövcud olan flora və faunanın, eləcə də Kür çayı sahilinə qışlamaq məqsədilə miqrasiya edən quşların mühafizəsini təmin etməkdir.

Ümumilikdə 40 min hektar ərazini əhatə edən Samux ovçuluq təsərrüfatı 19 min hektar quru sahədə və 21 min hektar su hövzəsində mühafizə tədbirləri aparır. Ötən əsrin 70-ci illərində yaradılan təsərrüfatda hazırda 20 növdən artıq vəhşi məməli, 30 növə yaxın su-bataqlıq quşu, eləcə də nəsli kəsilməkdə olan heyvan və quş növləri var. Ərazidə mövsümdən asılı olmayaraq ov etmək qadağan olunsa da təsərrüfatda brakonyerlik hallarına rast gəlinir. Samux Dövlət Ovçuluq Təsərrüfatının direktoru Qalib Mehdiyev bildirib ki, Kür ovalığında, Tuqay meşələrində, eləcə də su hövzələrində ciddi mübarizə tədbirləri aparılmasına baxmayaraq bu il 7 qanun pozuntusu aşkar olunub.

Qalib Mehdiyev- Samux Dövlət Ovçuluq Təsərrüfatının direktoru: “2014-cü ilin 9 ayı ərzində əməkdaşlarımız tərəfindən 7 qanun pozuntusu aşkar olunub. Bunlardan 3-ü ovla, 4-ü isə təbiətə dəyən ziyanla bağlıdır. Qanunsuz ovla bağlı qərarlar çıxarılaraq akt və protokollar əsasında məhkəmə orqanlarına göndərilib”.

Dəniz səviyyəsindən aşağıda yerləşən Kür ovalığı vəhşi heyvan və quşların qışlaması üçün ən əlverişli yer sayıldığı üçün bura qış mövsümündə 10-a yaxın quş növü miqrasiya edir. Xatırladaq ki, Samux rayonu ərazisində Azərbaycan faunasının incisi sayılan ceyranların mühafizəsi və təbii yolla artımına da ciddi nəzarət olunur.

Qalib Mehdiyev- Samux Dövlət Ovçuluq Təsərrüfatının direktoru: “Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazisində məməli heyvanlardan ceyranlar da mövcuddur ki, 1997-ci ildə onların baş sayı təxminən 180 olduğu halda ciddi mühafizəmiz nəticəsində hazırda onların sayı 2 dəfə çoxalıbdır". 

Qeyd edək ki, Samux Dövlət Ovçuluq Təsərrüfatında və qurumun tabeliyində olan Şəmkir Dövlət Təbiət Yasaqlığında 3 sahə rəisi və 4 yeger mühafizə tədbirlərini aparır.

Xaliq Qurbanlı