• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 24.10.2014 15:12

YAP Gəncə şəhər təşkilatında şəhərin fəal gəncləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı" layihəsi çərçivəsində şəhərin fəal gəncləri ilə görüş keçirilib. Bununla yanaşı Dairə Seçki Komissiyalarında məntəqə sədrləri və dairə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar bu gün də davam edib.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin təşəbbüsü və Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə Gəncə ilə yanaşı Bakı və Şəki şəhərlərini, eləcə də Qazax və Tovuz rayonlarını əhatə edəcək. Bildirilib ki, respublikamızda demokratiyanın təmin olunmasında, cəmiyyətin demokratik fəallığının artması və inkişafında bələdiyyələrin də rolu var. Gənclər də yerli özünüidarəetmələrin təşkilində aktiv rol almalı və fəallığı ilə seçilməlidir. Elə layihənin icrası da bu istiqamətə yönəlib.

Çingiz Bayramov - "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri: "Məqsəd gənclərin maarifləndirilməsidir. Gənclərə bələdiyyənin rolunun vacibliyinin izah edilməsidir. Azərbaycanda yeni sayılan bu institutun gənclərin idarəçiliyinə verilməsini biz gənclər birliyi olaraq çox istəyərdik. Çünki, bu gənclərin yaşı 23, 25, 30 -dur. Yəni müstəqilliklə yaşıd gənclərdi. Biz istərdik ki, bizim bu gənclərimiz daha aktiv, daha fəal olsunlar".

39 saylı Kəpəz birinci Gəncə seçki dairəsində təşkil olunan seminarda isə məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyalarının üzvləri iştirak edib. Toplantıda Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi seçkilər günü hər hansı bir hüquq pozuntusu aşkar olunarsa, seçkilərin nəticələrinin saxtalaşdırılması və ya düzgün hesablanmaması halları baş verərsə, hansı halların inzibati, hansı halların cinayət məsuliyyəti yaratması ilə bağlı çıxış edib.

Bəxşeyş Əsgərov  -MSK-nın üzvü: "Bu maarifləndirmə tədbirləri il boyu aparılsa da seçkilərin yaxınlaşması ilə əlaqədar daha da intensivləşir. İnanırıq ki, indiyə kimi keçirilən və bundan sonra keçiriləcək olan tədbirlər gələcəkdə, 23 dekabrda bələdiyyə seçkilərinin açıq, demokratik və şəffaf keçirilməsi üçün bir rövnəq verəcəkdir və seçkilər şəffaf keçiriləcəkdir".

Bu cür maarifləndirici tədbirlər "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması məqsədi ilə milli fəaliyyət proqramı"nın təsdiq olunması haqqında fərmanına uyğun olaraq həyata keçirilir.

Gülnar Fazilqızı