• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 24.10.2014 15:11

Bu il meyvə və tərəvəz bitkilərində yeni xəstəlik və zərərvericilər aşkarlanıb

Tez-tez dəyişən hava şəraiti bir çox sahələrdə problemlər yaratdığı kimi bitkilərdə də bir sıra xəstəlik və zərərvericilərin yayılmasına şərait yaradıb.  Bu il meyvə və tərəvəz bitkilərində yeni xəstəlik və zərərvericilər aşkarlanıb. Bunlar hansılardır.

Bu il həm açıq, həm də örtülü şəraitdə becərilən kənd təsərrüfatı bitkilərində hava şəraiti ilə əlaqədar yeni xəstəlik və zərərvericilər  müşahidə olunmağa başlayıb. Xüsusilə də geniş şəkildə becərilən üzüm bağlarında  oidium xəstəliyi sürətlə inkişaf etsə də, mildium xəstəliyinə az rast gəlinib.

Kazım Hüseynov- AETBMİ-nun nəzəri və tətbiqi entomalogiya şöbəsinin müdiri: "Lakin mildium xəstəliyinin zəif inkişaf etməsinə baxmayaraq, üzümçülükdə boz çürümə xəstəliyi sürətlə inkişaf edib. Məhsulun xeyli  hissəsinin itirilməsinə səbəb olub. Bundan başqa bu il hesabat ilində həm də qara çürümə xəstəliyi müşahidə olundu ki, bu da salxımların kütləvi şəkildə soluxması ilə nəticələndi. Və soluxmuş salxımlarda vegetasiyanı tam başa çatdıra bilmədilər. Tənəyin üzərində qurudular".

Tərəvəz bitkilərindən olan bibər , pomidor və xiyarda  ağqanadlı, tor gənəsini, fır nematodu daha çox müşahidə olunub. Son bir neçə ildir ki, Azərbaycanın ayrı-ayrı bölgələrində pomidor əkinlərində pomidor güvəsi geniş yayılıb və məhsula ciddi ziyan vurur.

Kazım Hüseynov- AETBMİ- nun nəzəri və tətbiqi entomalogiya şöbəsinin müdiri: "Zərərvericiyə qarşı müxtəlif kimyəvi, aqrotexniki mübarizə tədbirləri aparılır. Hansı istixanalarda və ya açıq şəraitdə aqrotexniki tədbirlər yüksək fonda həyata keçirilirsə və pestisidlərdən istifadə olunursa, o əkin sahələrində pomidor minalayıcı güvəsinin zədəsi minimuma endirilir".

Meyvəçilikdə isə bu il kataklizmalar səbəbindən xəstəlik və zərərvericilərə davamlı olan meyvələrdə belə xəstəliklər aşkarlanıb. Mütəxəssis meyvəçilikdə ən yaxşı mübarizə tədbirinin budama olduğunu söyləyir.  Ümumiyyətlə, hər bir xəstəlik və zərərvericiyə qarşı vaxtında pestisidlərdən istifadə olunmalıdır.

Aidə Ramizqızı