• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 24.10.2014 11:52

Samuxda istismar müddətini başa vuran qaz xətləri dəyişdirilir

Samux rayonunun qaz təsərrüfatında təmir- bərpa işləri sürətləndirilib. Görülən işlər çərçivəsində istismar müddətini başa vuran qaz boruları və qurğular yeniləriylə əvəz olunur. Məqsəd qış fəslində əhalinin təbii qaza olan tələbatını ödəməkdir.

Samux rayonunda əhalinin təbii olan tələbatını ödəmək məqsədi ilə 4 fərqli ərazidə dairəvi sistem yaradılıb. Yanğın təhlükəsizliyini təmin etmək və partlayışların qarşısını almaq üçün 4 ədəd yeni qurğu quraşdırılıb. Mövcud qaz tənzimləyici şkaflarda təmir işləri aparılıb. 1 kilometrdən artıq korroziyaya uğramış qaz xətləri yenisi ilə əvəz olunub.

Rauf Qurbanov- Samux Qaz İstismar Sahəsinin xidmət rəisi: “Yararsız sayğaclar kütləvi şəkildə dəyişdirilib. Xətlərdə olan sızmalar aradan qaldırılıb. Korroziyaya uğrayan xətlər yenisi ilə əvəz olunub. Bir sözlə payız-qış mövsümü ilə əlaqədər olaraq nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib. Görülən işlər onu deməyə əsas verir ki, qış mövsümündə Samux rayonunda əhalini normal qazla təmin edəcəyik”.

Hazırlıq işləri çərçivəsində istismar müddətini başa vurmuş 656 mexaniki sayğac yenisi ilə əvəz olunub. Ötən 9 ay ərzində müxtəlif yaşayış məntəqələri üzrə 365 yeni mənzilə qaz xətti çəkilib. Bununla da Samux Qaz İstismar Sahəsində abonentlərin sayı 14 minə çatıb.