• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 24.10.2014 09:39

Daim atəş altında olması belə Hacallıda təhsilin keyfiyyətinə təsir etməyib

Güllə səsləri bəzən tənəffüs zənginin eşidilməsinə belə imkan vermirdi. Amma bu cür çətin şəraitdə onlar təhsildən yayınmadılar. Müəllimlər də şagirdləri öyrətmək üçün bəzən həyatlarını təhlükəyə atdılar,düşmən gülləsindən qorxmayaraq... Söhbət ermənilərlə ən yaxın məsafədə yerləşən Tovuzun Hacallı kənd məktəbinin şagird və müəllim kollektivindən gedir. Qəhrəman kənd məktəbi bir neçə ildi tikilib şagirdlərin ixtiyarına verilib, hazırda 437 məktəbli burada təhsil alır. Ordumuza güvənib gündəlik dərslərin davam etdiyi təhsil ocağındakı vəziyyətlə yerində tanış olmaq üçün Təhsil və Müdafiə nazirliklərinin dəstəyi ilə KİV nümayəndələrinin sərhəd kəndə səfəri təşkil olunub.  Paytaxtdan gələn jurnalistlər əvvəlcə  tədris prosesi və məktəbin şəraiti ilə tanış olublar. Məlumat verilib ki, ermənilərin cəbhəyanı kəndləri mütəmadi olaraq atəşə məruz qoyması bölgədə təhsilin keyfiyyətinə təsir etməyib.

Təhsil və Müdafiə nazirliklərinin təşkil etdiyi səfərdə məqsəd ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Media nümayəndələri həmçinin sərhəd kəndlərdəki təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazandırmış müəllimləri ilə də görüşəcəklər.

Tovuz səfəri zamanı KİV nümayəndələri, eləcə də məktəblilər rayonda yerləşən N saylı hərbi hissədə olub, əsgər və zabitlərlə görüşüblər. Burada onlara Azərbaycan ordusunda olan müasir silah və hərbi texnikalar haqqında məlumat verilib.

Rahim İbrahimoğlu