• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 24.09.2016 10:20

Erqonomika nədir?

Yəqin ki, çoxları üçün erqonomika termini yaddır. Bu kəlmə termin olaraq uzaq olsa da əslində həyatımızın bir hissəsidir. Erqonomika - iş yerinin işçinin sağlamlığı, səmərəli çalışması üçün uyğunlaşdırılmasıdır. Bu qaydalara əməl etmək həm işəgötürən, həm də işçi üçün uğur hesab edilir. Ancaq erqonomika qaydalarının tətbiq olunduğu yerdə işləmək səhhətin heç də tam zəmanəti deyil. Erqonomika siyahısına indi yayımlanacaq süjetdən öyrənəcəklərimizi də əlavə etsək, bax onda həm faydalı iş əmsalına, həm də sağlam həyat tərzinə malik ola bilərik.

Erqonomika qaydalarına əməl etmək işçinin həm fiziki, həm də psixoloji vəziyyətinə müsbət təsir edir. İşçinin sağlamlığı isə onun məhsuldarlığını da artırır. Odur ki, işçinin sağlamlıq təminatı işəgötürənin əsas prioritetləri sırasında olmalıdır. Amma məsələ bununla bitmir. Erqonomik qaydalar zamanı tək  avadanlıqların  düzgün seçilməsi deyil, həm də işçinin özünün diqqət yetirməli olduğu məqamlar var.

Normalda göz dəqiqədə 12 dəfə açılıb yumulur. Daim monitora baxanlarda isə bu rəqəm dəqiqədə 5 dəfə olur. Bu da gözdə quruma və başqa xəstəliklərin artmasına səbəb olur. Düzgün oturma qaydasına əməl edilmədiyi halda isə boyun ağrıları meydana gəlir. Bəzən oturarkən kresloya söykənən zaman özümüzdə heç bir fiziki yük hiss etmirik. Amma... 

Murad Fazil Soyal- həkim – terapevt: “Tədqiqatlar göstərir ki, 70 kq çəkili bir insan oturan zaman 3-cü bel onurğasına düşən yükün ağırlığı 150 kq olur. Bel onurğası üzərində 150 kq-lıq ağırlıqdan danışırıq. Ofis işçiləri bu qədər yük altındadır. Gün ərzində mausdan milyonlarca istifadə bilək əzələlərində tendinit yaradır. Biləkdəki sinirin əzilməsilə şiş, ağrılarla üzə çıxaraq əməliyyata qədər uzanan bir prossesdən gedir söhbət”.

Oturaq iş rejimində çalışanlarların çoxunda boyun ağrıları olur. Çünki, qaydalara görə monitor qarşısında 180 dərəcə bucaq altında dayanmalı olan boyunun hər bir dərəcə aşağı enməsilə, üzərində onsuz da 150 kiloqram yükü olan onurğaya əlavə 5 kq da güc düşür.  

Ofis işçiləri üçün düzgün stol və stul seçilməlidir. Stul uyğun olmadıqda beli dəstəkləyəcək yastıqlardan istifadə etmək olar. Bu düzgün qamət üçün vacibdir.

Murad Fazil Soyal- həkim – terapevt: “Stulun hüdürlüyünə diqqət edilməlidir. Oturaq hissəsi dizlə eyni səviyyədə tənzimlənməlidir. Bu zaman budlara da çox yük düşmür. Dizin arxa hissəsi stula toxunmamalıdır. Aradakı məsafə yumruq böyüklüyündə olmalıdır. Mümkün qədər stola yaxın dayanmaq lazımdır. Əllərimiz paralel olaraq 90 dərəcədə açılmalıdır.  Göbək isə stolla eyni səviyyədə olmalıdır”.

Amma yerimizi nə qədər rahatlasaq da eyni mövqedə 20 dəqiqədən çox olmaq bədənə zərərlidir. Buna görə də hər 20 dəqiqədən bir pozisiya iki dəqiqəlik dəyişilməlidir.

Alışdığımız işləri eyni əllə yerinə yetiririk. Maus sağ əllə işlədilir düzdür, amma arada bir sol ələ almaq da olar. Və ya hərdən telefondan sol əllə istifadə etmək yaxşı olardı. Yəni təkrarlanan işləri eyni deyil, fərqli əzələ qruplarından istifadə etməklə fiziki narahatlığı aradan qaldırmaq olar.

Murad Fazil Soyal həkim –terapevt: “Bunlardan başqa ofis idman hərəkətləri var. Oturduğumuz yerdə əllərimizi boyun arxasında birləşdiririk. Ağırlıq yaratmadan, sadəcə əlin zəif təzyiqi ilə başımızı yüngülcə önə əyərək bir neçə dəqiqə gözləyirik. Əlləri yana salaraq hər iki çiyini 8 dəfə yuxarı-aşağı dartırıq. Bu üsul çiyin ağrılarını aradan qaldırmaq üçündür. Daha sonra, əllər yanda çiyinləri 8 dəfə önə doğru fırladırıq, 8 dəfə geriyə doğru”.

Məişətdə istifadə etdiyimiz su qablarından da istifadə etmək olar. Su qabını ələ alaraq özümüzə sarı, daha sonra yuxarıya doğru qaldırırıq. Bu hərəkət də 8 dəfə təkrarlanmalıdır. Bu kimi hərəkətlərlə əzələlərdə olan gərginliyi azaltmaq olar.

Oturaq işdə çalışanlar üçün qeyd olunanlara diqqət yetirmək vacibdir. Amma nəzərə almaq lazımdır ki, düzgün qidalanma da sağlam həyat tərzinin bir hissəsidir. 

Xəyalə Mürsəl