• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 22.09.2016 11:07

Qadın məsləhətxanalarına niyə etibar edilmir?

Hələ bu ilin əvvəlində Səhiyyə Nazirliyi tərəfindən doğuşayardım xidməti göstərən tibb müəssisələrinə, xüsusi ilə də ərazi qadın məsləhətxanalarına müvafiq göstərişlər verilmişdi. Göstərilən antenatal xidmətin yaxşılaşdırılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsi kimi məsələlər isə ön sırada dayanırdı... Bunun əsas səbəbi isə, baş verən ana və körpə ölümlərinin sayını minimuma endirmək idi. Elə Dövlət Statistika Komitəsinin məlumatına əsaslanıb demək olar ki, əvvəlki illərlə müqayisədə respublikada doğuşun və hamiləliyin ağırlaşması nəticəsində baş verən zahı və hamilə ölümləri nisbətən azalıb. Lakin bu nisbət şəhər və kənd yerlərində dəyişir. Belə ki, əvvəlki illərlə müqayisədə şəhər yerlərində yaşanan ana ölümləri 63,4 faiz azalıbsa, bu göstərici kənd yerlərində 48,7 faiz artıb.     

Bu rəqəmlər bir daha qadın məsləhətxanalarında fəaliyyətin təkmilləşdirilməsini vacib edir.

Kifayət Məmmədova - Qadın Məsləhətxanasının mama-ginekoloqu: "Hamilə qadınların ilkin dispanserizasiyası, 11-12 həftəlikdən gec olmayaraq qadınların  nəzarətə götürülməsi və müayinəsinin aparılması qadın məsləhətxanalarının əsas göstəricisi hesab edilir".

Qadın məsləhətxanasına müraciət edən xanımlar ilkin növbədə hərtərəfli müayinə olunmalıdırlar.

Raya Məmmədova - Nikah və Ailə Məsləhətxanasının ginekoloqu: "Klinik müayinələr aparılmalıdır. Ürək, qan-damar sisteminin fəaliyyəti yoxlanılmalıdır. Endokrin sisteminin fəaliyyəti yoxlanmalıdır. Sinir sisteminin fəaliyyəti yoxlanmaldır. Hətta müraciət edən hamilə qadınlar arasında stomotoloji müayinələr də aparılmalıdır. Müayinə aparılarkən hamilə qadında bu və ya başqa bir patologiyanın olduğu aşkarlanarsa, onun aradan qaldırılması uğrunda mübarizə aparılmaldır".

Statistika göstərir ki, bu hal kənd yerlərində daha çox müşahidə olunur. Lakin şəhər və rayon mərkəzlərində də xanımlar qadın məsləhətxanalarına getməyə çox da meyl etmirlər. Apardığımız sorğu bunu deməyə əsas verir.

Gəncə sakini: "Rusiyada yaşadığım üçün, əsasən orada müraciət edirdim hamilə vaxtı. İndi uşaqlar böyük olduğu üçün müraciət etmirəm".

Gəncə sakini: "Qadın məsləhətxanalarına müraciət etmirəm. Lazim bilmirəm. Lazım olarsa özəl xəstəxanalara müraciət edərəm. Qadın məsləhətxanalarına müraciət etmək məsləhət deyil".

Gəncə sakini: "Özəl həkimlərə müraciət edirəm. İşinə bələd olduğum, müalicəsi nəticə verən həkimlərə üstünlük verirəm".

Səbəblər müxtəlif görünsə də, kökü eynidir. Əhali müəyyən mənada qadın məsləhətxanalarına etibar etmir...

Kifayət Məmmədova - Qadın Məsləhətxanasının mama-ginekoloqu: "Düzdü seçim hamilə qadının özünündü, lakin qadın məsləhətxanaları ilə də əlaqə qurulmalıdır. Özəl xəstəxanalar bizə hesabat verməlidirlər, amma əksər hallarda vermirlər".

Hamilə qadınların məsləhətxanalara müraciət etmələri istiqamətində ərazilərdə xidmət göstərən mama-ginekoloqlar tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri görülür, söhbətlər aparılır.

Kifayət Məmmədova - Qadın Məsləhətxanasının mama-ginekoloqu: "Ayda bir dəfə mamalar söhbət şəklində, həkimlər mühazirə şəklində bu cür maarifləndirmə işləri görürük. 5, 10, 15 nəfər yığırıq çıxışlar edirik".

Sonda bir daha xatırladırıq: qadın məsləhətxanalarının işi yerləşdiyi ərazidə yaşayan qadınların qeydiyyatını aparmaqla yanaşı, onların hərtərəfli müayinə və müalicəsini həyata keçirmək, müvafiq profilaktik tədbirlər də görməkdir. Bu xidmətin səviyyəsi yüksək olarsa, yəqin ki, gələcəyin anaları da qadın məsləhətxanalarından uzaq düşməzlər...

Gülnar Fazilqızı