• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 23.10.2014 18:24

Zaqatalada baş vermiş yol qəzası nəticəsində bir ailənin üç üzvü xəsarət alıb

Ötən gecə saat 23:30 rədələrində Zaqatala rayonu ərazisində yol qəza hadisəsi baş verib. Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Zaqatala rayonunun, Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı rayonun Qımır kənd sakini Fikrət Mahmudov idarə etdiyi “VAZ -21014” markalı avtomobillə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və qəza törədib. Qəza zamanı maşını öncə yolun sağ hissəsindəki işıq dirəyinə çırpan sürücü, daha sonra avtomobili hadisə baş verən yerdən 60-70 metr irəlidə avtobus dayanacağına çırpıb. Baş vermiş qəzada sürücü xəsarət almasa da, avtomobildə olan sərnişinlər, Qımır kənd sakinləri Mahmudova Arzu Qüdrət qızı, Mahmudova Sahibə Ələkbər qızı və  Mahmudov Şəhriyar Fikrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir, müalicələri xəstəxanada davam etdirilir. Məlumata görə, qəzaya düşən şəxslər bir ailənin üzvləridir və onlar toy məclisindən çıxıb evə gedirlərmiş. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.