• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 21.09.2016 10:08

Pozitiv köklənmə

Optimistlər, yəni nikbin ruhlu insanlar daha az xəstələnirlər  və ağrını daha zəif hiss edirlər. Amerika Birləşmiş Ştatlarının Pitsburq Universitetinin araşdırmaları nəticəsində məlum olub ki, həyatın çətinliklərinə nisbətən yüngül yanaşanlar,  bədbin və əsəbi insanlara nisbətən viruslu infeksiyalara  3 dəfə az yoluxurlar. Alimlər hətta eksperiment də keçiriblər. Onlar üzərində təcrübə keçirdikləri insanları qəsdən virusa yoluxdurublar. Optimistlərin əksəriyyətinin immuniteti virusa qalib gəlib. Pessimistlər isə bərk xəstələniblər. Başqa bir araşdırma daha sensasiyalı nəticə verib. Sən demə, eyni zədə almış optimist və pessimistlər ağrını müxtəlif cür hiss edirlər. Gələcəyə böyük ümidlərlə, nikbinliklə baxan insanlar ağrını zəif hiss etdikləri halda, bədbin olanlar bərk ağrılardan şikayətlənirlər. Əhval-ruhiyyəsi yüksək olan adamlar cərrahiyyə əməliyyatları və travmalardan sonra da daha tez sağalır, nadir hallarda xərçəng və infarkta düçar olurlar. Yel Universitetinin araşdırmaları isə göstərib ki, qocalıqdan qorxmayan və qocalma əlamətlərini təbii, normal və qarşısıalınmaz bir proses kimi qəbul edənlər digərlərinə nisbətən daha gec qocalır və çox yaşayırlar. Ümumilikdə isə yaxşı əhval insan ömrünü minimum 7 il uzada bilər.

Belə. Bu, əlbəttə yaxşı informasiyadır. Necə deyərlər, avazın yaxşı gəlir, amma... Bəs bu yaxşı əhvalı necə əldə edək? Necə edək ki, bu stress, aqressiya dolu dünyada, xüsusən də böyük şəhərlərdə pozitiv düşüncəni qoruyaq? Sizə deyim ki, çox çətindir. Çətindir, amma mümkündür.

Səhər yuxudan durandan qarşılaşdığımız hər bir amil bizim əhvalımıza təsir göstərir. Hətta bəziləri deyir ki, çarpayıdan düşərkən hansı ayağı yerə birinci qoymağın da əhəmiyyəti var. Amma biz ən əsas amillərdən danışacağıq. Birincisi və bəlkə də ən vacib amil - normal yuxu. Həkimlər əmin edir: əhvalımız bizim nə qədər yatmağımızdan birbaşa asılıdır. Ona görə də sutkada  7-8 saat yatmağı unutmayın. Həm də həmişə eyni vaxtda yatıb-durmağa çalışmaq lazımdır. Onda artıq yuxudan durarkən gümrah və enerji ilə dolu olarsınız. 

İkinci vacib şərt: hər bir günü təbəssümlə başlamaq.  “Günə necə başlasan, elə də keçirəcəksən” – deyirlər. Elə isə niyə yeni günü, yeni fürsətlərlə dolu növbəti 24 saatı təbəssümlə qarşılamayaq?!

Və... əlbəttə ki, səhər idmanı... Psixoloqlar müəyyənləşdiriblər ki, idman insanın yalnız  fiziki vəziyyətinə yox, psixologiyasına da yaxşı təsir edir. Səhərlər 15-20 dəqiqəlik idman əhvalınızı yaxşılaşdırar, bütün gün ərzində gümrah, şən qalmağınıza imkan verər. 

Fiziki hərəkətlərdən sonra isə əlbəttə ki, yaxşı qidalanmaq lazımdır. Amma “yaxşı”, “çox” demək deyil. Həkimlər düzgün qidalanmağı məsləhət görürlər. Ən əsası isə gün ərzində çoxlu maye içməyi... səhər tezdən acqarına və axşam yatmamışdan əvvəl 1-2 stəkan su içmək vacibdir. Yeməyə gəldikdə isə bu vitaminlərlə bol, süni qatqıları olmayan və müxtəlif qidalar olmalıdır.

Yaxşı əhval-ruhiyyə üçün neqativ informasiyalardan da uzaq olmaq lazımdır. Müasir dövrdə bu çətin olsa da mütəxəssislər xüsusən səhərlər  yalnız  pozitiv informasiyalara köklənməyi məsləhət görürlər.

Psixoloqların hamıya məsləhət gördüyü daha bir vacib məqam: keçmişdəki pislikləri, uğursuzluqları, itkiləri unutmaq lazımdır. Qoy keçmişdən yalnız xoş xatirələr qalsın. Bu, sizin qəlbinizə sakitlik, xarakterinizə əminlik gətirər.

Əgər əhvalınızın korlanmasını istəmirsinizsə çalışın bədbin insanlardan uzaq durun. Bəli, təəssüf ki, indi əsəbi, daim nədənsə narazı, aqressiv insanlar çoxdur. Amma xoşxasiyyət, həyat eşqli, şən insanlar da var. Çalışın əhatə dairəniz belə pozitiv insanlardan ibarət olsun. Bir şərtlə ki, siz özünüz də bu kriteriyalara uyğun gələsiniz. Psoxoloqlar müəyyənləşdiriblər ki, bir bədbin insan ən şən kompaniyada belə hamının əhvalını korlaya bilər. 

Daim tonusda olmağın daha bir sirri sevimli işdir. Deyilənə görə, müasir dövrdə çoxunun əsəbi olması bununla bağlıdır ki, onlar pul qazanmaq üçün sevmədikləri işlə məşğul olurlar. Belələrinə psixloqlar özləri üçün hobbi seçməyi məsləhət görürlər. Əgər bu hobbi həm də pul qazanmağa imkan verirsə, əlbəttə ki, daha yaxşı... Amma onunla məşğul olarkən pul barədə düşünmək olmaz. Siz prosesdən zövq almalısınız.

Zövq almalı daha bir şey musiqidir. Sübut olunub ki, insanların əhvalı onların qulaq asdığı musiqidən çox asılıdır. Buna görə də gün ərzində daha çox əhvalı yüksəldən musiqiləri dinləmək lazımdır. Pessimizm aşılayan kədərli mahnıları dönə-dönə dinləmək məsləhət görülmür.

“İnsanlara kömək edin.” - Psixoloqların daha bir məsləhəti belədir. Çünki, əhvalın yaxşı olması üçün, insan ilk növbədə özü haqqında yaxşı fikirdə olmalıdır. Həm də insanlara yardım etmək üçün pul vacib deyil. Bu, mənəvi dəstək, xoş rəftar, fiziki kömək – tutaq ki, hansısa ağır yükü daşımaq formasında da ola bilər. Əsas odur ki, unutmayaq – yaxşı insanın əhvalı da yaxşı olur.

Sonda bir daha təbəssüm barədə: gün ərzində tez-tez gülümsəmək təkcə sizin özünüz üçün yox, ətrafınız üçün də vacibdir. Yolda gedərkən qarşınıza çıxanlara, ictimai nəqliyyatdakı sərnişinlərə, işdəki həmkarlarınıza yaxşı əhval bəxş edin. Bəzən çətin olsa da çalışın gülümsəyin. 

Mehman Abbaszadə