• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 20.09.2016 10:40

Əsrin müqaviləsi və ya 22 il öncə imzalanan müqavilə hansı bəhrəni verib?

Azərbaycanın dünyada tanınmasında müstəsna rol oynayan Əsrin müqaviləsi. Ölkə iqtisadiyyatında köklü dəyişikliklərə səbəb olan bu müqavilə neft kapitalının insan kapitalına çevrilməsi məqsədi ilə imzalandı. 22 il bundan öncə atılan bu addım hazırda hansı bəhrəni verib?

Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi ilə  "məhsulun pay bölgüsü" tipli müqavilədə 8 ölkədən-Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, və Səudiyyə Ərəbistanından 13 şirkət – “Amoko”, “BP”, “MakDermott”, “Yunokal”, ARDNŞ, “LUKoyl”, “Statoyl”, “Ekson”, Türkiyə petrolları, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta” iştirak edirdi.

Səbuhi Yusifov- iqtisad üzrə fəlsəfə doktoru: "Azərbaycan neftinin beynəlxalq bazara çıxarılması istiqamətində ilkin addım atılmış və müqavilə imzalanmışdır. Bundan sonra Azərbaycanın həm geosiyasi, həm geostrateji baxımından region və dünyada nüfuz qazanması üçün çox böyük əhəmiyyəti olan müqavilə olmuşdur. 1999-cu ildə neft dolu ilk tanker dünya bazarına çıxarılmışdır".

Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı. Müqavilə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülən işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi. 

Səbuhi Yusifov- iqtisad üzrə fəlsəfə doktoru: "Bu müqavilənin əhəmiyyəti əsas ondan ibarət olub ki, neft kapitalının insan kapitalına çevrilməsin yönündə ta 1994-cü ildən bu yana fəaliyyət göstəririk. Azərbaycan regionlarının ümumilikdə ölkənin sosial iqtisadi inkişafının neft sənayesi və sənayenin digər sahələrinin inkişafında bu müqavilənin nəticəsində beynəlxalq bazara çıxarılan Azərbaycan neftindən əldə olunan gəlirlərin mühüm br töhfəsi olmuşdur".

Bu gün Azərbaycanın neft strategiyası daha da genişlənir. Əgər ilk vaxtlar ölkəmizin enerji siyasəti əsasən regional səviyyədə əməkdaşlıq çərçivəsində həyata keçirilirdisə, bu gün bu dar çərçivədən çıxan Azərbaycan dünya ölkələri ilə daha geniş miqyasda əməkdaşlıq etmək siyasi xəttini yeridir. Bu gün tam əminliklə demək olar ki, ölkəmizin zəngin və daşınma imkanları geniş olan karbohidrogen ehtiyatları Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır.

Səbuhi Yusifov- iqtisad üzrə fəlsəfə doktoru: "Bu ölkələr arasında Azərbaycanın həm siyasi, həm də iqtisadi nüfuzunun artmasına gətirib çıxardı. Həmçinin Azərbaycanın neft məhsullarının dünya bazarlarında bir brend olaraq tanınmasına gətirib çıxarmışdır. Bildiyimiz kimi bir çox ölkələrlə biz ticarətimizi gücləndirmişik. İxrac potensialımızı artırmışıq. Eyni zamanda qüdrətli iqtisadiyyat kimi regionda formalaşmasında da neft gəlirlərinin böyük rolu olmuşdur".

Bəs insan kapitalının inkişafı hazırda hansı səviyyədədir?

Səbuhi Yusifov- iqtisad üzrə fəlsəfə doktoru: "Xüsusilə gənc kadrların yetişdirilməsi yönündə ölkədə bir çox addımlar atılmışdır. İstər xaricdə təhsil üzrə dövlət proqramı olsun, istər təhsilin, istərsə də sənayenin inkişafı üzrə dövlət strategiyası olsun bunların hamısı onu göstərir ki, Azərbaycanın neft gəlirləri insan kapitalına çevrilməkdədir. Bu proses davam edir".

Neftdən gələn gəlirlər hesabına bu gün ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, indiki və gələcək nəsillərin firavan və rifah dolu həyatının təmin olunması üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafa impuls verən bir sıra məqsədyönlü dövlət proqramları məhz Dövlət Neft Fonduna toplanmış vəsaitlərin hesabına həyata keçirilir. Əsas prioritet kimi neftdən gələn gəlirlər hesabına ölkə iqtisadiyyatının diversifikasiyasını qarşıya məqsəd qoyan müstəqil Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələr qazanır. Mütəxəssislər bildirir ki, əgər Azərbaycan vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydi, bu gün qeyri-neft sektorunun inkişafından danışa bilməzdik. Hazırda intellekt əsri olduğundan bu yöndə də müsbətə doğru dəyişikliklərin olması gələcəyin qarantıdır.

Jalə Qurbanova