• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 23.10.2014 15:15

Göygöl Tarix Diyarşünaslıq muzeyinə gələn turistlərin sayı artıb

Göygöl şəhərində yerləşən Lüteran kilsəsi, indiki adı ilə desək Tarix Diyarşünaslıq muzeyi hər zaman diqqət mərkəzində olan tikili olub. Elə bunun nəticəsidir ki, son zamanlar muzeyə gələn yerli və xarici turistlərin sayı da artıb.

Lüteran kilsəsi fəaliyyətə başladığı vaxtdan etibarən, öz eksponatları ilə yerli vətandaşların və xarici turistlərin diqqətini çəkib. Vaxtilə Göygöl rayonunda almanların dini mərkəzləri olan, hazırda Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Yelena kilsəsi rayonun tarixi rəmzinə çevrilib.

Elnarə Mehdiyeva– muzeyin bələdçisi: “Muzeydə olan eksponatların çoxu XIX-XX əsrdə istifadə olunan məişət əşyalarıdır. Burda almanlara məxsus olan nümunələr də var. Muzeyə həm rayon sakinləri, həm də turistlər gəlir”. 

Lüteran kilsəsi 1854-cü ildə almanlar tərəfindən tikilərək, üç il sonra istifadəyə verilib. Həmin dövrdən 1945-ci ilədək kilsə kimi, almanlar buradan sürgün olunduqdan sonra isə hərbi hospital və idman məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən isə Göygöl rayon Tarix Diyarşünaslıq muzeyi kimi öz işini davam etdirir.