• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 23.10.2014 15:04

Gəncə və Ağstafada Bələdiyyə seçkilərinə hazırlıq məqsədilə kurslar keçirilir

İki ay sonra Azərbaycanda keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı respublikanın bütün regionlarında fəaliyyət göstərən DSK-larda məntəqə sədrləri və dairə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlara start verilib. Bu məqsədlə Gəncədə və Ağstafa rayonunda 3 günlük seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.

Oktyabrın 24-ə kimi davam edəcək seminarlarda bələdiyyə seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili müzakirə olunur. Gəncədə keçirilən seminarlar hər dörd DSK-nın üzvləri tərəfindən maraqla qarşılanıb.

Bəxşeyş Əsgərov- MSK-nın üzvü: “Biz prezident seçkiləri zamanı təlimlərin keçirilməsində də burada iştirak etmişik. Ötən ildən bu yana xeyli dəyişikliklər müşahidə olunur. Sözsüz ki, belə gözəl şəraitdə dairə seçki komissiyaları da, məntəqə seçki komissiyaları da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Və inanırıq ki, qarşıdakı bələdiyyə seçkiləri də keçənilki prezident seçkiləri kimi açıq, şəffaf və demokratik şəraitdə keçiriləcəkdir”.

Ağstafa rayonunda da keçirilən ixtisaslaşdırılmış kurslarda seçici siyahıları ilə işin aparılması, bildirişlərin seçicilərə çatdırılması, rəsmi seçki sənədlərinin daşınması, saxlanılması və bu kimi seçki hüquqlarının  qorunması mexanizmlərindən bəhs olunur. Bildirilib ki, rayonun 38 seçki məntəqəsi seçkilərə tam hazırdır.

Teymurlan Eyyubov- 108 saylı DSK-nın sədri: “Tam məsuliyyətlə deyə bilərəm ki, hazırlıq işləri yüksək səviyyədədir. Bu gün məntəqə seçki komissiyaları üçün yeni oturacaqlar və kabinələr gətirilib və bunlar da məntəqə seçki komissiyalarına paylanılır”.

Keçirilən seminarlarda MSK-nın üzvləri ilə yanaşı yerli icra və hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak edirlər.

Elton Cabbarlı, Rahim İbrahimoğlu