• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 15.09.2016 16:09

2016-2017-ci tədris ilinin ilk dərs günü Gəncədə də sevinclə qeyd olunub

4 təhsil ocağının əsaslı təmir edildiyi respublikanın ikinci böyük şəhərinə bilik günü 1 məktəb qapılarını yenilənən şəkildə şagird və müəllimlərin üzünə açıb.

Səməd Vurğun adına 41 nömrəli tam orta məktəb 34 sinif otağı və 13 tədris kabineti olmaqla müasir tələblər səviyyəsində yenidən qurulub. 640 şagirdlik təhsil ocağında informatika və kimya-biologiya laboratoriyaları, 2 kompyuter sinifi, 1 tədris emalatxanası, tibb otağı, kitabxana və akt zalı təmirdən sonra müasir standartlara cavab verir. 400 şagirdin təhsil alacağı məktəbdə hazırda 35 müəllim çalışır.

Qeyd edək ki, Səməd Vurğun adına 41 nömrəli tam orta məktəb 1966-cı ildə inşa edilərək istifadəyə verilib. Tədris ocağı 50 ildə ilk dəfədir ki, əsaslı şəkildə təmir olunub.

Tədris ilinin başlanması münasibətiylə düzənlənən tədbirdə bu tədris ilinin sonunadək şəhər üzrə daha 3 orta təhsil müəssisəsi və Sanatoriya tipli internat məktəbinin əsaslı təmirdən sonra istifadəyə veriləcəyinə diqqət çəkilib.

Ötən il əsaslı şəkildə yenilənən 4 nömrəli tam orta məktəbin kollektivini isə bilik günü Rusiyanın Azərbaycandakı səfiri Vladimr Doroxin təbrik edib. 360 şagirdin birinci sinfə qədəm qoyduğu təhsil müəssisəsində rus bölməsində tədrisə olan böyük maraq diqqətdən qaçmır. Sinif otaqları, fənn kabinetləri, tədris prosesi diplomatda məmnunluq yaradıb. 

Gəncə üzrə ümumilikdə 4600 şagirdin ilk dəfə məktəbə qədəm qoyduğu bilik günü maraqlı səhnəciklər, yaddaqalan çıxışlarla alqışlara səbəb olub. İlk dəfə sinif otağı ilə tanışlıq, parta arxasında həmyaşıdları ilə birgə əyləşmək, dərs prosesinə köklənmək üçün ilk müəllimin dediklərinə diqqətlə qulaq asmaq balaca fidanlar üçün maraqlı olub.

Taclı Məmmədova - şagird: "Mən bu gün birinci sinifə gedirəm. Söz verirəm ki, dərslərimi yaxşı oxuyacam".

Məhəmməd Şəfəqqətli - şagird: "Mən məktəbi çox sevdim. Bura maraqlıdır".

Şəbnəm Hüseynli - şagird: "Mən söz verirəm ki, dərslərimdən 5 alacam və müəllimin sözünə baxacam".

Gəncə məktəblərində ümumilikdə 38 minə yaxın şagird təhsil alır. Şəhərdə 46 orta məktəbin 20-də rus bölməsi fəlaiyyət göstərir.

Gülnar Fazilqızı