• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 23.10.2014 14:57

ADAU-da balıqyetişdirmə laboratoriyası yaradılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə-sınaq laboratoriyalarının sırasına biri də əlavə edilib. Qapalı balıqyetişdirmə laboratoriyasında nəsil almaqla sürfələr yetişdiriləcək və həmin sürfələr xüsusi yemlə təmin olunacaq. Sistem böyüdükdən sonra ildə 10 min balıq yetişdirilməsi nəzərdə tutulur.

 

ADAU-nun qapalı balıqyetişdirmə laboratoriyasında 2000 xırda və hovuzlarda 30 törədici çəki balıqları var. Mütəxəssisin bildirdiyinə görə, balıqların stresə düşməməsi üçün bu laboratoriyada gur səslə danışmaq olmaz.

Əsasən tədrisdə əyani təcrübənin tətbiqi məqsədilə reallaşdırılan labortariyada çəki balığı növünün müxtəlif - rəngli və pulcuqlu yarımnövləri yetişdirilir.

Sevinc Əliyeva- ADAU-nun balıqçılıq ixtisası üzrə baş müəllimi: “Biz damazlıq balıqlardan mart ayında nəsil almağı planlaşdırırıq. Qapalı laboratoriyada hələlik 27 akvarium, 8 hovuz var. İki hovuz isə ana hovuzlardır. Bunlar çökdürücü, su deposu hovuzlarıdır. Gələcəkdə laboratoriyanı genişləndirmək, həyətdə hovuzlar qurmaqla, böyüyən balıqları orada saxlamaq niyyətindəyik”.

Burada balıqlar kürü mərhələsindən tutmuş əmtəə çəkisinə çatana qədər saxlanılacaq. Sentyabr ayının 20-dən fəaliyyətə başlayan tam tipli yetişdirmə sistemi ən müasir texnoloji avadanlıqlarla təchiz edilib.  

Sevinc Əliyeva- ADAU-nun balıqçılıq ixtisası üzrə baş müəllimi: “Sistem yeni qurulub, sistem böyüdüldükdən sonra ildə 10 min balıq yetişdirməyə ümid edirik. Həmin balıqları 2 kq-lıq çəkiyə qədər çatdırmaq fikrindəyik”.

Burada balıqlar gündə iki dəfə yemlənir. Akvarium və hovuzlar gündə bir dəfə təmizlənərək suyun parametrləri nizamlanmış olur. Həftədə bir dəfə isə suyun parametrləri ölçülür.

Xəyalə Mürsəl