• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 23.10.2014 12:33

Tovuzun bəzi kəndlərində su probleminin həllinə ehtiyac var

Göygöldən fərqli olaraq Tovuzun bəzi yaşayış yerlərində sakinlər susuzluqdan əziyyət çəkirlər. 20 ildən artıqdır ki, bu çətinliklə üzləşən Tovuzun Yuxarı Öysüzlü sakinləri suya olan tələbatlarını iri su maşınları hesabına həll edirlər ki, bu da onların cibinə sərf etmir.

Kəndlilər bildirir ki, yağış yağanda xüsusi qablara yığdıqları suyu bir neçə gün məişətdə istifadə edə bilirlər. Sakinlərin sözlərinə görə qonşuluqdakı yaşayış məntəqələri su ilə təmin edilsə də, hələ növbə Yuxarı Öysüzlünün yeni məhəlləsinə gəlib çatmayıb. Bir müddət öncə küçələrdə borular üçün qazıntı işləri görülsə də, sonradan bu iş də yarımçıq dayandırılıb.

Tovuzun Tülkü təpəsi adlanan ərazisində istifadəyə verilən su anbarı isə yaxınlıqda olsa da buradan su götürmək yeni məhəllənin sakinlərinə nəsib olmayıb. Onlar dəfələrlə Tovuz Su Kanal İdarəsinə müraciət etsələr də hələ də problem həllini tapmayıb.

Adıçəkilən idarədən isə deyirlər ki, əraziyə su çəkmək əslində onların səlahiyyətləri daxilində deyil. İdarə yalnız suyun satışını həyata keçirir. Problem isə sakinlərin “Azərsu” ASC-yə müraciətindən sonra həll edilə bilər.

Uzun müddətdir su sarıdan əziyyət çəkən sakinlər tezliklə bu problemin çözüləcəyinə ümid edirlər.

Rahim İbrahimoğlu