Bu günə xəbərlərin oxunma sayı: 1061
— 21.10.2014 16:55

Gəncədə təməli qoyulan Vaqon istehsalı zavodunun 2 ilə fəaliyyətə başlaması planlaşdırılır

Prezident İlham Əliyevin təməlini qoyduğu Gəncə Vaqon istehsalı zavodunun 2 ilə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək ki, bu da istehsal olunacaq vaqonların keyfiyyətinə zəmanət verir. Bu, ölkə üzrə yeni vaqon parklarının da salınmasına təkan verəcək.

İndiyədək Azərbaycana vaqonlar yalnız xarici ölkələrdən gətirilirdisə, bundan sonra Gəncə Vaqon istehsalı zavodunda istehsal olunacaq vaqonlar nəiki ölkədaxili, hətta Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran kimi ölkələrin vaqona olan tələbatını tam ödəmək gücündə olacaq. 

Hazırda istismarda olan vaqonlar ölkəyə əsasən, Ukraynadan gətirilib. Buna görə də həmin vaqonların təmiri işləri də məhz Ukraynadan gətirilən avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Azərbaycanda vaqon istehsalına başlanılması isə, burada yeni vaqon parklarının salınmasını zəruri edir.

Nadir Əzməmmədov- “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibi: “Artıq 20 vaqon təmir edilib, gətirilib, daha 20-sini də təmir olunmaq üçün yola salmışıq. Bunlar da 2-3 ay müddətinə gətirilməlidir. Bilirsiniz ki, bizim vaqon parklarımız keçmiş SSRİ dövründən qalanlardır, hələ ki, biz həmin parklardan istifadə edirik”.

Gəncədə təməli qoyulan Vaqon istehsalı zavodunda isə istehsalla yanaşı, vaqonların təmiri də həyata keçiriləcək. İlkin olaraq ildə 60 vaqon istehsal ediləcək zavodun fəaliyyətindən asılı olaraq məhsul buraxılışının daha da artırılması planlaşdırılır.

Nadir Əzməmmədov- “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibi: “Zavodda oturacaq-yataq tipli sərnişin vaqonlarının tikintisi nəzərdə tutulur. İl yarıma müəssisə artıq istehsala başlamalıdır. Əlbəttə, zavodun fəaliyyətə başlaması ilə ilk növbədə öz vaqonlarımızı təmin edəcəyik, daha sonra həmin vaqonların satışını da həyata keçirəcəyik”.

Gəncə Vaqon istehsalı zavodu İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən tikilir. Müəssisə İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.

 

Aymirə İsmayılqızı, Araz Xan