Bu günə xəbərlərin oxunma sayı: 908
— 02.07.2016 15:30

Polis Günü münasibətilə bölgələrdə tədbirlər keçirilib

Azərbaycan polisi ölkədə ictimai asayişin qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsində bundan sonra da var gücü ilə çalışacaq. Polis Günü münasibətilə keçirilən tədbirlərdə səsləndirilən yekdil fikir belə olub. Xidməti vəzifəsini ləyaqətlə yerinə yetirən əməkdaşlarla yanaşı, veteran polislər də bu gün yaddan çıxmayıb.

Şəmkir rayonunda peşə bayramlarını qeyd edən polis əməkdaşları milli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra 98 illik tarixə malik hüquq mühafizə oqranlarının fəaliyyətinə nəzər salıblar. Rayon polis şöbəsinin rəisi Cəmil Əmirov ölkədə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı aparılan peşəkar mübarizədə polis əməkdaşlarının xüsusi əməyindən danışıb. Azərbaycan polisinin vəzifə borcunu layiqincə yerinə yetirdiyi, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına diqqət çəkilib. Maddi-texniki bazasınin ilbəil möhkəmləndirilməsi, əməkdaşların sosial rifahının yüksəldilməsi Şəmkir rayonundan da yan keçmir. Rayonda qeydə alınan cinayətlərin açılmasının təmin olunduğu, narkotik və psixotrik maddələrdən istifadə hallarının qarşısının alınması istiqamətində gənclər arasında profilaktik tədbirlərin gücləndirilməsi müsbət hal kimi dəyərləndirilib. Tədbirdə veteran əməkdaşlar və xidmətdə fərqlənən bir qrup polis işçisi qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Samuxda polis işçilərinin peşə bayramı münasibətilə baş tutan tədbir dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Yaradıldığı dövrdən bu günə kimi hüquq mühafizə orqanlarının fəaliyyətinə nəzər salan polis rəisi Akif Nəbiyev bu şərəfli və çətin yolda qazanılan uğurlardan danışıb, polisin peşəkar əməyini yüksək qiymətləndirib. Asayiş keşikçiləri cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyümüz uğrunda aparılan Qarabağ müharibəsində də qəhrəmanlıqlar göstərib, şəhidlik zirvəsinə ucalıblar. Son illər Samuxda qeydə alınan ağır cinayətlərin sayının azalması əhali arasında aparılan maarifləndirici söhbətlərin nümunəsi kimi dəyərləndirilib. Polis əməkdaşlarının digər yerli hüquq mühafizə orqanları ilə birlikdə rayonda ictimai asayişin təmin olunmasında müstəsna xidmətlərinə toxunulub. Rayon polis şöbəsi üçün yeni inzibati binanın inşası və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi peşə sahiblərinə göstərilən dövlət qayğısı kimi qiymətləndirilib. Tədbirdə peşə bayramları günü münasibətilə veteran əməkdaşlardan və fəal polis işçilərindən bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub.

2 iyul - Polis Günü Qazaxda da qeyd olunub. Çıxış edənlər polis əməkdaşlarını təbrik edərək, onların peşəkar əməyini yüksək qiymətləndiriblər. Cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərən polis əməkdaşlarının fədakarlığı tədbir iştirakçıları tərəfindən yüksək dəyər alıb. Bayram tədbirində Daxili İşlər nazirinin təbrik məktubu oxunub. Xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıb. Həmçinin, peşə bayramı günü veteran əməkdaşlarla yanaşı, gənc polislərə də fəxri fərman və hədiyyələr təqdim olunub.

Göygöldə də peşə bayramlarını qeyd edən polis əməkdaşları əvvəlcə əbədiyaşar lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra polis əməkdaşları ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən oğullarının məzarları önünə tər-çiçəklər düzüblər. Rayon polis şöbəsinin rəisi Bahadur Şükürov şəxsi heyəti təbrik edərək, Azərbaycan polisinin yaranma tarixindən danışıb. Son illər digər regionlarda olduğu kimi, Göygöldə də polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Rayon Polis Şöbəsi üçün müasir inzibati bina və əməkdaşlara yeni xidməti avtomobillər verilib. Göygöldə baş verən cinayət hadisələrinin böyük əksəriyyətinin üstünün açıldığı, cinayətkarların layiqli cəzalarını aldığı təqdir edilib. Çıxışlarda Azərbaycan polisinin sıralarına gənc əməkdaşların cəlb edildiyi müsbət qiymətləndirilib. Tədbirdə aprel döyüşlərində şəhid olan Sərxan Bağırovun ailəsinə, eləcə də veteran əməkdaşlara və xidmətdə fərqlənən bir qrup polis işçisinə hədiyyələr təqdim olunub.

Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü Goranboyda da qeyd olunub. Əvvəlcə şəxsi  heyət rayon mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna ehtiramlarını bildiriblər. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini yad etməklə başlayan tədbirdə, Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev dövlətin zəruri təhsisatlarından biri olan polisin Azərbaycan Demokratik Respublikasında bu günə qədər fəaliyyətinə nəzər salıb. 1-cı Qarabağ savaşıda Goranboy polisinin 16 əməkdaşının igidlik göstərərək şəhid olduğu, onlardan 1 nəfərinin Milli Qəhrəman adına layiq görüldüyü vurğulanıb. Əlamətdar gün münasibətilə bir qrup polis işçisi xidmətində fərqləndiyinə görə təltif edilib.

Natiq Hüseyn