Bu günə xəbərlərin oxunma sayı: 892
— 28.06.2016 18:44

Bölgələrdə bal qablaşdırma sexlərinin açılması vacibdir

Bu gün istehsal etdiyimiz məhsulların yüksək əmtəəlik görüntüsünə nail olmaq üçün onun qablaşdırılması şərtləri də vacib məsələlərdəndir. Amma təəssüf ki, ölkəmizdə  arıçılıq sahəsində bu məsələ həll olunmamış qalmaqdadır. İki minə yaxın arıçının, 1200 arı ailəsinin olduğu cənub bölgəsində də arıçılar məhsullarını bazara  yüksək səviyyədə çıxara bilmir. Bunun üçün  həm dövlətin, həm də investorların onlara dəstək olmalarını istəyirlər.

Gəlirli və xeyirli olduğundan lənkəranlı arıçılar təsərrüfatlarını ilbəil genişləndirirlər. Lənkəranlı arıçı Mirkazım Sultanov deyir ki, təbii bala tələbat çox olduğundan, bütün imkanlarını  səfərbər edib arı ailələrinin sayını 25-ə çatdırıb.  Amma elə ki, vaxt gəlib çatır bal süzümünə.. 

Mirkazım Sultanov – arıçı: “…Bəzi problemlər meydana çıxır. Əsas ilk yığım vaxtı böyük qablar lazım olur. Bizdə olan alüminium qablara bal yığmağa icazə verilmir. Onlar yarmarkaya buraxılmır.”

Digər bir məsələ isə balın ayrı-ayrı çəkidə qablaşdırılması ilə bağlıdır. Bunun üçün də müvafiq şərait, imkanlar  olmadığından, arçılar daha çox primitiv üsullardan istifadə edirlər.

Çarəsizlikdən arıçılar qablaşdırma və marketinq kimi qarşıya çıxan problemləri özləri həll etməyə çalışır. Bu da onlar üçün əlavə xərc və vaxt itkisi deməkdir. Halbuki həmin işlərə sərf edilən vaxtı və vəsaiti təsərrüfatlarını daha da artırmağa, keyfiyyətli məhsul istehsalına yönəldə bilərlər.   

Xanbala Tahirov- arıçı: “Bölgəmizdə qablaşdırma sexi açılsaydı, bizim işimizə də təkan verərdi”.

Arıçılar hesab edir ki, kustar formada qablaşdırma məhsullarının alıcılıq qabiliyyətini də aşağı salır.

Xanbala Tahirov- arıçı: “Balı bu formada kənddə, şəhərdə satmaq olar. Ancaq marketlərə və xaricdən gələn turistlərin qarşısına belə çıxarmaq düzgün deyil. Yaxşı olardı ki, malı alıcıya xüsusi qablaşdırılmış, gözəl dizayna malik formada təklif edək”.

Elə qablaşdırma probleminin nəticəsidir ki, iri ticarət mərkəzlərində təbii yerli balımızın yerini keyfiyyətcə qat-qat aşağı olan, amma yüksək səviyyədə qablaşdırılan xaricdən gətirilmiş ballar tutur. Arıçılarımızın isə balı əlində qalır.

Pərvanə Əliyeva