• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3523
— 28.06.2016 14:40

Şəmkirdə 150 ailə susuzluqdan əziyyət çəkir

Şəmkirin bir kəndi - 150 ailəsi susuzluqdan əziyyət çəkir, özü də yayın bu istisində. Rayonun Abbaslı kəndinin sakinlərinin problemi həm içməli, həm də suvarma suyu ilə bağlıdır. İllərdir su sarıdan çətinliklə üzləşənlərin nə zaman aydınlığa çıxacağı dəqiq bilinmir.

Alı Abdullayev- sakin: “Hər həftə 3 manat pul verib, içməli su alırıq. 10 manat da verib, çənimizi doldururuq. Əkinimiz məhv olur. Bir az yağışın səbəbinə dolanırıq. O da olmasa batırıq”.

Abbaslıda susuzluğun batırdığı sakinlər əsasən kəndin yeni salınan yaşayış massivində yaşayanlardır. Gəlir mənbəyi torpaq olan kəndlilərin əkib-becərdikləri də susuzluqdan zay olur.  

Sakin: “Nə qədər xərc çəkmişik, amma heç 100 manat xeyir götürməmişik. Suyumuz da yoxdur. Pomidorlarımız hamısı yanıb, yapışıb”.

Susuzluğun yandırdığı tək sahələr deyil, elə insanlar da içməli suyun kasadlığının əziyyətini çəkir.  

Abbaslı kəndində yaşayan 150 ailə müxtəlif xəstəliklərin mənbəyi hesab olunan quyunun suyundan istifadə edir. Sakinlər deyir ki, suya olan tələbatlarını ödəyə bilməmələri cavabdeh şəxsləri narahat etmir. Əgər belə olmasaydı, illərdir mövcud olan problem dəfələrlə edilən müraciətlər fonunda müsbət həll olunardı.

Telman Hüseynov- sakin: “Ərizələr yazmışıq, amma cavab ala bilmirik. Biz burada susuz qalmışıq. Bilmirik kimə müraciət edək ki, bizə su versin. Suyu pulla alırıq. Ayda, ildə bir dəfə su verirlər, onunla da biz dolana bilmirik”.

Sevda Vəliyeva- sakin: “Elə adam var imkanlıdır, su ala bilir. Amma mənim imkanım yoxdur. Yoldaşım, özüm də xəstəyəm. Bizə köməklik etsinlər”.

Sakinlərə kömək ediləcək, ya yox? Bu suala cavab tapmaq üçün Abbaslı kənd bələdiyyəsinin sədri Məhərrəm Məmmədova müraciət etdik. Sədr problemin həlli istiqamətində çalışdıqlarını, yaxın vaxtlarda sakinlərin normal su ilə təchiz ediləcəyini bildirdi.

Məhərrəm Məmmədov- Abbaslı kənd bələdiyyəsinin sədri: “Həmin qəsəbə arteziyan suyundan istifadə edir. Nümayəndə, mən və Könüllü bələdiyyəsi 20 tonluq çən alıb. Həmin çən istifadədir. Küçələrin bir hissəsinə artıq su çəkilib. Yerdə qalan küçələrə də mərhələli şəkildə çəkilib, istifadəyə veriləcək”.

Əlavə xərc çəkərək su almamaq, əkin sahələrindən gəlir götürmək üçün kənd sakinləri ümid edir, bələdiyyə sədri isə problemin qısa zamanda həll olunacağına söz verir. Qalır bir az gözləmək.

Natiq Hüseyn