• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3547
— 27.06.2016 18:12

Orta Əsr Şəmkir qalasında restavrasiya işləri aparılır

Qədim Şəmkir şəhərinin sirləri açılır. 2006-cı ildən Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şəmkir ekspediyası”nın tədqiqatları belə deməyə əsas verir. Qalanın ərazisində restavrasiya işlərinin aparılması isə tarixi keçmişin qorunmasına xidmət edir.

Qədim Şəmkir qalasının ümumi ərazisi 28 hektar, Narınqalanın ərazisi isə bir hektara yaxındır. Orta əsr Şəmkir qalasında aparılan 10 illik arxeoloji qazıntılar həmin dövr şəhər mədəniyyəti, sənayesi, yaşam tərzi, insanların məşğuliyyəti barədə dəyərli faktlar üzə çıxarır. Narınqalanın divarlarının qalınlığı 3-4 metr, hündürlüyü bünövrədən 7,5 metr olub. Şəmkir Arxeoloji Ekspedisiyasının üzvü Rəşid Bəşirovun sözlərinə görə, orta əsr şəhər həyatının bütün sahələri Şəmkir qalasında təmsil olunub.

Rəşid Bəşirov- Şəmkir Arxeoloji Ekspedisiyasının üzvü: “Qazıntılar zamanı qədim memarlıq üslubu aydınlaşıb. Tikililər Azərbaycanın aran memarlıq üslubuna aiddir. Burada əsasən Şəmkir-Zəyəm daşlarından və Şəmkir çayından toplanan çay daşlarından, eləcə də bişmiş kərpicdən istifadə olunub”.

Qazıntılar zamanı orta əsr şəhər qəbiristanlığının aşkarlanması islam mədəniyyəti barədə məlumatları üzə çıxarıb. Hazırda Narınqalanın cənub-şərq hissəsində 19-cu əsrdə rus hərbçilərinə aid kazarma qalıqlarından tapılmış dəmir qandallar deməyə əsas verir ki, bu ərazidə əsir və dustaqlar saxlanılıb. Eyni zamanda qalada yaşayanların əczaçılıqla məşğul olduğunu sübut edən dərman hazırlanan yerin qalıqları da müəyyən olunub. “Şəmkir ekspedisiyası” tərəfindən orta əsr şəhər tarixini öyrənməklə yanaşı, bu tarixi abidəni gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün qalada restavrasiya işləri də həyata keçirilir. Qalanın qərb hissəsində böyük bir divar və bürcün təmir-bərpa işləri başa çatıb.

Rəşid Bəşirov- Şəmkir Arxeoloji Ekspedisiyasının üzvü: “Qazıntılar zamanı məlum oldu ki, şəhər divarlarının böyük bir hissəsi uçma təhlükəsi ilə üz-üzə qalıb. Bunun da müxtəlif səbəbləri var. Belə bir yerləri memarımızın rəhbərliyi altında restavrasiya edirik. Artıq qəzalı yerlərin çox hissəsi restavrasiya olunub”.

Qədim Şəmkir qalasına qoruq statusunun verilməsi də gündəmdədir. Arxeoloq Rəşid Bəşirov bu qərarın verilməsini turizmin inkişafına təkan kimi qiymətləndirir.

Natiq Hüseyn